UNESCO Baş direktorunun müavini UNESCO üzrə Azərbaycan Milli Komissiyasına təşəkkür edib

UNESCO Baş direktorunun müavini UNESCO üzrə Azərbaycan Milli Komissiyasına təşəkkür edib
 

Link: https://azertag.az/

UNESCO Afrika prioriteti proqramına, eləcə də Afrika ölkələri Milli komissiyalarının bugünkü iclasının təşkilinə göstərdiyi böyük dəstəyə görə UNESCO üzrə Azərbaycan Milli Komissiyasına təşəkkürümüzü bildiririk.

AZƏRTAC xəbər verir ki, bu fikirləri UNESCO Baş direktorunun xarici əlaqələr və Afrika prioriteti üzrə müavini Firmin Eduard Matoko Qanada keçirilən UNESCO üzrə Afrika ölkələri Milli komissiyalarının iclasının açılışında deyib. Baş direktorun müavini F. E. Matoko Azərbaycanın Afrika ölkələrinin inkişafına göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Qananın Akkra şəhərində keçirilən UNESCO üzrə Afrika ölkələri Milli komissiyalarının iclası sentyabrın 12-dən 14-dək keçiriləcək. Azərbaycan iclasda UNESCO üzrə Milli Komissiya və ADA Universitetinin nümayəndələri ilə təmsil olunur.

İclasda sentyabrın 13-də Afrika ölkələrinin UNESCO üzrə Milli komissiyaları üçün təlim proqramları, eləcə də Afrika ölkələrində təhsilin, xüsusilə də qızların təhsilinin inkişafına ölkəmizin göstərdiyi dəstək haqqında nümayəndə heyətimizin üzvləri məlumat verəcəklər. UNESCO-nun əsas tərəfdaşlarından olan ölkəmizin Afrika ölkələrində həyata keçirdiyi layihələrdən söz açılacaq.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris