UNESCO Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib
2023-02-01Link: https://azertag.az/
UNESCO rəhbərliyi Azərbaycanın Tehrandakı səfirliyinə edilmiş silahlı hücumu pisləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə UNESCO rəhbərliyinin Azərbaycanın təşkilat yanındakı Daimi nümayəndəliyinə ünvanlandığı rəsmi məktubda bildirilib.
UNESCO-nun Baş direktorunun adından göndərilən məktubda Azərbaycan hökumətinə və xalqına rəğbət ifadə olunaraq başsağlığı ifadə edilib. Həlak olan şəxsin ailəsinə dərin hüznlə başsağlığı verilib və xəsarət alanların tezliklə sağalması dilənilib.
BMT-nin Azərbaycanın və onun xalqının yanında olduğu bildirilib, diplomatik nümayəndəliklərə qarşı bu cür hərəkətlərin beynəlxalq hüquqa əsasən qəti şəkildə qadağan olunduğu vurğulanıb. Məktubda, həmçinin qeyd edilib ki, indiki çətin vəziyyətdə Azərbaycan UNESCO Katibliyinin dəstəyinə tam əmin ola bilər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris