Türkiyəli rəssam: Əsərimlə Azərbaycan-Türkiyə qardaşlığına bir töhfə verməyə çalışdım

Link: https://azertag.az/

Mədəniyyət Nazirliyinin "Şuşa və Bakı Gənclər İncəsənət Düşərgəsi” layihəsi çərçivəsində gənc rəssamlar Ağdam, Füzuli və Cəbrayıl rayonlarına səfər etdikdən sonra öz təəssüratlarını Şuşa şəhərində kətan parça üzərinə köçürməyə başlayıb.

Layihə iştirakçısı türkiyəli rəssam Alper Bakıcı çəkdiyi rəsmin mövzusunu AZƏRTAC-a açıqlayıb.

O, tablo üzərində Azərbaycanla Türkiyənin ortaq mirası olan Dədə Qorqudun fəlsəfi ruhunu ötürməyə çalışdığını söyləyib: “Mən Şuşa qalası üzərində Dədə Qorqudun rəsmini çəkib Azərbaycan tarını Türkiyənin qopuz milli musiqi alətilə əlaqələndirdim. Dədə Qorqud sazın simvolu olduğu üçün onun ruhunu türk kademi ilə Şuşanın mərkəz qapısında birləşdirməyə çalışdım”.

Alper Bakıcı rəsmdə 3 rəngdən istifadə etdiyini də deyib: “Azərbaycanda olduğum üçün işlədiyim rəsmdə göy, qırmızı və yaşıl rəngləri əsas götürmüşəm. Bununla mən Azərbaycan-Türkiyə qardaşlığına bir töhfə verməyə çalışdım.

Qeyd edək ki, gənc rəssamların çəkdikləri rəsm əsərlərindən ibarət kataloqun hazırlanması və xarici ölkələrdə yayımlanması, həmçinin rəsm əsərlərindən ibarət sərginin təşkili nəzərdə tutulur.

Məmməd Məmmədli
Şuşa