“Şuşa İli” çərçivəsində Afinada muğam konserti təşkil olunub
2022-05-26Link: https://azertag.az/
“Şuşa İli” çərçivəsində Afinada 28 May - Müstəqillik Günü və Azərbaycan Respublikası ilə Yunanıstan Respublikası arasında diplomatik əlaqələrin yaradılmasının və ölkəmizin UNESCO-ya üzv olmağının 30 illiyi münasibətilə “Qarabağ” muğam qrupunun konserti təşkil olunub və rəsmi ziyafət verilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Yunanıstandakı səfirliyinin və UNESCO üzrə Milli Komissiyasının birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Yunanıstan hökumətinin və parlamentinin üzvləri, xarici işlər nazirliyinin və digər dövlət qurumlarının rəsmiləri, Afinada akkreditə olunmuş diplomatik nümayəndəlik və konsulluqların nümayəndələri, tanınmış ictimai-siyasi xadimlər, diaspor üzvləri, o cümlədən Yunanıstanın universitetlərində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Rəsmi ziyafət Azərbaycan və Yunanıstanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.
Azərbaycanın Yunanıstandakı səfiri Anar Hüseynov bildirib ki, bu günlərdə 28 May - Müstəqillik Günü və Azərbaycanla Yunanıstan arasında diplomatik əlaqələrin qurulmasının, həmçinin UNESCO-ya üzv olmamızın 30 illiyi qeyd olunur. 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk dünyəvi və demokratik dövlət olduğu diqqətə çatdırılıb. Bildirilib ki, bu dövlətin yaranması ilə ölkəmizdə milli şüur inkişaf edib, müasir Azərbaycan dövlətçiliyinin əsası qoyulub. Səfir qeyd edib ki, AXC dövründə Bakıda diplomatik nümayəndəlik yaradan azsaylı ölkələr sırasında Yunanıstan konsulluğu da olub. Həmin dövrdə ölkəmizin Yunanıstan ilə diplomatik əlaqələri yaradılıb. Bildirilib ki, İlk respublikamız gərgin və mürəkkəb ictimai-siyasi vəziyyətdə cəmi 23 ay fəaliyyət göstərib.
Diqqətə çatdırılıb ki, 1991-ci ilin oktyabrın 18-də Azərbaycan yenidən öz müstəqilliyini bərpa edərək dünyanın bir çox ölkələri ilə diplomatik əlaqələr yaradıb. Yunanıstan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayında qurulub. 30 illik əməkdaşlıq dövründə Azərbaycan və Yunanıstan arasında bütün sahələrdə əlaqələr inkişaf edərək özünün yüksək inkişaf səviyyəsinə qalxmışdır. Səfir ölkələrimiz arasında enerji sahəsində mövcud strateji əməkdaşlıqdan da danışıb.
Azərbaycanın mədəniyyəti incilərindən bəhs edən diplomat muğamın 2008-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini bildirib. O, muğamın bir çox xalqların milli-mədəni irsinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb.
Sonda Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam qrupunun konserti olub.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina