Stefan De Battista: Çəkdiyim rəsmdə göy, qırmızı və yaşıl rənglərdən istifadə etmişəm

Link: https://azertag.az/

Mədəniyyət Nazirliyinin "Şuşa və Bakı Gənclər İncəsənət Düşərgəsi” layihəsi çərçivəsində gənc rəssamlar Ağdam, Füzuli və Cəbrayıl rayonlarına səfər etdikdən sonra öz təəssüratlarını Şuşa şəhərində kətan parça üzərinə köçürməyə başlayıblar.

Maltadan layihəyə qatılan Stefan De Battista Şuşada AZƏRTAC-ın müxbirinə çəkdiyi rəsmlə bağlı geniş məlumat verib.

“Hesab edirəm Azərbaycan şairi Molla Pənah Vaqifin heykəlinin fonunda məscidin görünüşü rəssam üçün möhtəşəm bir tapıntıdır. Bu iki obyektin üzərində açılan səma bir növ sülhü, azadlığı simvolizə edir. Əlbəttə, çəkdiyim rəsmdə göy, qırmızı və yaşıl rənglərdən istifadə etmişəm. Hesab edirəm bu rənglər Azərbaycanı olduğu kimi təqdim edir. Rəsmi abstrakt janrda işləsəm də, hesab edirəm realizmə daha yaxın olduğu üçün hər kəs ifadə etmək istədiyim fikri anlayacaq.

İşlədiyim növbəti əsər Şuşada gördüyüm elementlərdən ibarət bir kollajdır. Şuşa meşəliklə əhatə olunduğu üçün rəsm əsərimdə yaşıl tonlardan bol istifadə etmişəm. Bütün bunları Şuşa qalası fonunda ötürməyə çalışmışam. Böyük həyəcanla rəsmi bitirməyə tələsirəm”, - deyə Stefan De Battista əlavə edib.

Qeyd edək ki, gənc rəssamların çəkdikləri rəsm əsərlərindən ibarət kataloqun hazırlanması və xarici ölkələrdə yayımlanması, həmçinin rəsm əsərlərindən ibarət sərginin təşkili nəzərdə tutulur.

Məmməd Məmmədli
Şuşa