Qətərli rəssam Şuşada təşkil olunan incəsənət düşərgəsinin əhəmiyyətindən bəhs edib
2022-08-29Link: https://azertag.az/
Azərbaycanın 2020-ci ildə işğaldan azad olunmuş Şuşa şəhərində təşkil olunan gənclərin incəsənət düşərgəsi UNESCO-nun fundamental dəyərlərini, o cümlədən sülh və mədəniyyətlərin təbliği ilə yanaşı, Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının təşviqi üçün də gözəl bir fürsətdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qətərin nüfuzlu “Al-Şarq” qəzetinə müsahibəsində bu ölkəni düşərgədə təmsil edən rəssam Abdulla Əl-Mutava söyləyib. O əlavə edib: “Qətərin Mədəniyyət Nazirliyi bu mötəbər tədbirdə iştirak etmək üçün mənim namizədliyimi irəli sürüb. Azərbaycanın zəngin mədəni irsi və Şuşanın füsunkar təbiətini öz əsərlərimdə əks etdirməklə yanaşı, Qətərin də mədəniyyəti, tarixi və idman sahəsində uğurlarını tanıtmaq istəyirəm. Eyni zamanda, incəsənət düşərgəsi müxtəlif ölkələrdən olan nümayəndələr arasında futbol üzrə dünya çempionatını təşviq etmək üçün də gözəl fürsətdir”.
Şuşanın gözəlliyi və strateji əhəmiyyətindən bəhs edən Əl-Mutava bildirib ki, incəsənət düşərgəsinin təşkilində əsas məqsəd füsunkar təbiəti, yüksək dağları, mülayim iqlimi ilə məşhur olan bu şəhərin ruhunu bərpa etməkdən ibarətdir. “Türkiyə, İran, Meksika, Pakistan və İordaniyadan da rəssamların iştirak etdiyi bu sənət forumunda ölkəmi təmsil etməkdən xoşbəxtəm”, - deyə qətərli gənc vurğulayıb.
Azərbaycanda gənclərin bədii yaradıcılıq düşərgəsinin təşkili səviyyəsinə heyran olduğunu bildirən qətərli rəssam qeyd edib ki, iştirakçılar üçün hər cür şərait yaradılıb, onlara lazım olan alətlər verilib. O bildirib ki, rəssamların tablolarında iki əsas mövzu - ətraf mühit və sülh ideyaları olacaq.
Əl-Mutava müsahibəsinin sonunda deyib: “Azərbaycana səfərimin ilk günündən Qətərin imicini və mədəniyyətini vurğulamaq, özümü və dünya çempionatını iştirakçılara təqdim etmək, onlara Qətərdəki stadionların yerləşdiyi xəritəni təqdim etmək istəyirdim. Mən başqa ölkələrdə də analoji tədbirlərdə iştirak etmişəm, amma Şuşada tamamilə başqa ab-hava var. Bu, təbiətin ecazkar gözəlliyi ilə vəhdət təşkil edən qonaqpərvərlikdir”.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə