Professor İlham Məmmədzadə beynəlxalq konfransda tarixi yaddaş problemlərindən danışıb

Professor İlham Məmmədzadə beynəlxalq konfransda tarixi yaddaş problemlərindən danışıb
 

Link: https://azertag.az/

Qazaxıstan Respublikasının Almatı şəhərində UNESCO-nun nəzdində Beynəlxalq Mədəniyyətlərin Yaxınlaşdırılması Mərkəzinin təşkilatçılığı ilə “Elmi biliklər və tarixi yaddaş problemləri: lokal və universal” mövzusunda bilik mədəniyyətinə dəstək üzrə III beynəlxalq konfrans keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə dünyanın bir çox ölkələrindən alimlər, həmçinin qazaxıstanlı şair, yazıçı-ədəbiyyatşünas və siyasi xadim Oljas Süleymenov da iştirak edib.

Konfransda AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru fəlsəfə elmləri doktoru professor İlham Məmmədzadə “Yaddaş və tarixi-mədəni epistemologiyanın problemləri” mövzusunda məruzə ilə çıxış edib.

“Nəzərə çatdıraq ki, müasir şəraitdə tarixi yaddaş problemləri həm elmi-tədqiqat obyekti kimi, həm də bir faktor kimi siyasi əhəmiyyət kəsb edir. Müharibələr və konfliktlər çox hallarda məhz onunla, yəni tarixi yaddaşla, onun mifləşdirilməsi ilə əlaqədardır”, - deyə alim öz çıxışında bildirib. Məruzədə o da qeyd olunub ki, erməni tarixi yaddaşının mifləşdirilməsi elə buna bariz nümunədir. Lakin tarixi yaddaş obyektiv elmi araşdırmaların, tədqiqatların aparılmasını tələb edir və bu, müəyyən mənada elmdən, tarixi-mədəni epistemoloji yanaşmadan asılıdır.

Qeyd edək ki, konfransın işinin ümumi nəticələri haqqında məruzə məhz İ.Məmmədzadəyə həvalə olunub.