Parisdə nazir Fərid Qayıbovun sədrliyi ilə CIGEPS-in növbəti iclası işə başlayıb

Link: https://azertag.az/

Oktyabrın 27-də Fransanın paytaxtı Paris şəhərində, UNESCO-nun baş qərargahında Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitənin (CIGEPS) növbəti iclası işə başlayıb. Pandemiya səbəbindən, 2019-cu ildən bəri onlayn keçirilən tədbir 3 ildən sonra ilk dəfə fiziki formatda baş tutur. İclasa Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov sədrlik edir.

AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək iclasın açılış hissəsində UNESCO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriyela Ramos, daha sonra CIGEPS-in sədri Fərid Qayıbov çıxış ediblər.

İclas zamanı, Komitənin gündəliyində duran bir sıra önəmli məsələlərin, COVID-19 pandemiyasından sonra idman sahəsinin vəziyyəti, MINEPS-in VII konfransı çərçivəsində qəbul olunması nəzərdə tutulan Yekun Bəyannamə sənədinin müzakirəsi, eləcə də CIGEPS İşçi Qruplarının və CIGEPS-in Prosedur Qaydalarına yenidən baxılması məsələlərinin müzakirə edilməsi nəzərdə tutulur.

Komitə iclası çərçivəsində 2023-cü il martın 14-17-də Bakıda təşkili planlaşdırılan Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının keçirilməsi ilə bağlı UNESCO ilə ev sahibi müqaviləsinin imzalanması da nəzərdə tutulur.