Milli Xalça Muzeyinin direktoru beynəlxalq onlayn videokonfransda çıxış edib

Link: https://azertag.az/

Beynəlxalq Muzeylər Şurasının (ICOM) builki “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış” devizinə uyğun olaraq sentyabrın 27-də beynəlxalq onlayn videokonfrans keçirilib.

Bu barədə AZƏRTAC-a Milli Xalça Muzeyindən bildirilib.

Konfransın “Muzeylər üzərindən ərəb sivilizasiyasının müxtəlifliyi” mövzusunda sessiyasına fəxri qonaq kimi qatılan Azərbaycan Milli Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova “Qarabağ nümunəsində müharibə və hərbi toqquşmalar zamanı tarixi və mədəni abidələrin, muzeylərin məhvi” adlı məruzə ilə çıxış edib.

Məruzədə qeyd olunub ki, konfliktlər dövründə dünyanın tarixi və mədəni abidələrinin məhvi, qəsdən dağıdılması beynəlxalq hüquqa açıq hörmətsizlik, UNESCO, Haaqa və Avropa Şurası konvensiyalarına zidd və bəşəriyyətə qarşı törədilən ən böyük vəhşilikdir. Beynəlxalq qurumların mədəni sərvətlərin məhv edilməsinin qarşısını almaq üçün real təsir mexanizmlərinin olmaması da çox narahatedicidir ki, bu, özünü Qarabağ müharibəsi dövründə bariz şəkildə göstərdi.

Şirin Məlikova 30 illik işğal dövründə Qarabağın mədəni sərvətlərinin ardıcıl şəkildə məhv edildiyini bildirərək dağıdılmış abidələrin, muzeylərin, kitabxanaların, teatrların işğaldan sonra çəkilmiş fotolarını nümayiş etdirib. Evakuasiya etmək mümkün olmadığı üçün 22 muzeyə aid minlərlə eksponatın taleyinin naməlum olduğunu, məscidlərin dağıdılması ilə Azərbaycan xalqının dini inanclarının təhqir edildiyini, qədim Alban abidələrinin saxtalaşdırıldığını, qanunsuz aparılmış arxeoloji qazıntıları və digər mühüm məsələləri konfrans iştirakçılarının nəzərinə çatdırıb. O, həmçinin azad olunmuş ərazilərdə qısa zaman ərzində aparılan bərpa işləri haqqında danışıb, yenidən rekonstruksiya edilmiş tarixi memarlıq abidələrinin fotolarını sessiya iştirakçılarının diqqətinə təqdim edib.

Qeyd edək ki, ICOM Birləşmiş Ərəb Əmirlikləri Komitəsinin direktoru Əssam Əl-Nəcdinin moderatorluğu ilə baş tutan sessiyada ICOM Ərəb Ölkələri Regional İttifaqının vitse-prezidenti Eç Çerki Dahmalı, ICOM Asiya-Sakit Okean İttifaqının idarə heyətinin üzvü, ICOM “Ailə forumu”nun yaradıcısı, IVCOM-un təsisçilərindən Məhəmməd Axtər Caved, ICOM Birləşmiş Ərəb Əmirlikləri Komitəsinin prezidenti Rəşad Buxaş salamlama və açılış nitqi ilə çıxış ediblər. Daha sonra Sivilizasiyalar Qovşağı Muzeyinin yaradıcısı və direktoru Əhməd Əl-Mənsuri (Dubay), Saadabad Mədəni və Tarixi Kompleksinin tədqiqatçı eksperti Sara Kəriman, sərgilər və kolleksiyalar üzrə menecer Fərhad Əl-Həsəni (Oman, Zübeyir Muzeyi), Acman Memarlıq, İncəsənət və Dizayn Kollecinin dosenti Qamal Əl-Samanudi (BƏƏ) tərəfindən məruzələr iştirakçılara təqdim olunub.