Mədəni irsin qorunmasına dair Beynəlxalq konfransın nümayəndə heyəti Ağdamda erməni barbarlığının şahidi olub
2022-12-07Link: https://azertag.az/
Dekabrın 8-də Bakıda keçiriləcək “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda beynəlxalq elmi konfransda iştirak edəcək qonaqlar Ermənistanın işğalından azad edilmiş Ağdam şəhərində olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərdə ICOMOS-un (UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Komissiyası) vitse-prezidenti Zeynəb Gül Ünal, təşkilatın Suriya və İraqda mədəni irsin qorunması üzrə işçi qrupunun sədri Samir Abdulac və ICOMOS Pakistan Milli Komitəsinin prezidenti Fauzia Husain Qureshi, ICOM-ICME prezidenti Ralf Çeplak Mençin olmaqla, ümumilikdə, 10 xarici ölkədən 20-yə yaxın xarici ekspert iştirak edib.
Nümayəndə heyətini Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov, UNESCO üzrə Milli Komissiyanın, ICOMOS Azərbaycan Milli Komitəsinin, ICOM Azərbaycan Milli Komitəsinin, ADA Universitetinin nümayəndələri müşayiət ediblər.
Səfər çərçivəsində Ağdamda Ermənistan tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni və tarixi abidələrə, o cümlədən İmarət kompleksinə, Ağdam Cümə məscidinə, Dram teatrının binasının qalıqlarına və yerlə-yeksan edilmiş Şəhidlər xiyabanına baxış keçirilib. Qonaqlara Ağdamın tarixi, indiki vəziyyəti, burada törədilən erməni faşizmi barədə ətraflı məlumat verilib. Bildirilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. Burada sənaye və kənd təsərrüfatı inkişaf etmişdi. Ermənilər 1993-cü il iyulun 23-də Ağdamı işğal etdikdən sonra Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Ağdamda qəbiristanlıqlar, tarixi-mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamın yerində indi talan edilərək viranəyə çevrilmiş xarabalıqlar qalıb.
Ağdamda erməni vandalizmi ilə tanış olan nümayəndə heyəti Füzuli rayonuna yola düşüb.