Mariyaqrasiya Skuiçarini: Azərbaycan gənclər və idman sahələrində çoxlu layihələr həyata keçirir
2023-05-02Link: https://azertag.az/
Biz bir ildən artıqdır ki, Azərbaycanla, məhz Gənclər və İdman Nazirliyi ilə Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransına (MİNEPS VII) hazırlıq və onun keçirilməsi üzrə əməkdaşlıq edirik.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə UNESCO-nun İcraçı idarəsinin başçısı, Sosial və humanitar elmlər bölməsinin sosial proqramlar üzrə direktoru Mariyaqrasiya Skuiçarini məlumat verib.
O, əsas məqsədinin idman sahəsində gündəlikdə duran məsələlərin irəli aparılması olan qarşıdakı tədbirin mötəbərliyini və böyük əhəmiyyətini vurğulayıb. Skuiçarini, həmçinin Bakı şəhərinin qonaqpərvərliyini və gözəlliyini, qarşıdakı tədbirin keçiriləcəyi məkanda – Bakı Konqres Mərkəzində yaradılan əla şəraiti qeyd edib.
UNESCO-nun nümayəndəsi deyib: “Azərbaycan gənclər və idman sahələrində çoxlu layihələr həyata keçirir. UNESCO, öz növbəsində, Birləşmiş Millətlər Təşkilatının sosial inkişaf hədəflərinə nail olmaq məqsədilə idmanı inkişaf etdirmək səlahiyyətinə malik olan yeganə qurumudur. Bu amillər qarşıdakı konfransı böyük əhəmiyyətli tədbir edir”.
Xatırladaq ki, Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı (MİNEPS VII) cari il iyunun 26-dan 29-dək Bakıda keçiriləcək.