Lasaqabaster: Mesenat Tağıyevin hələ ötən əsrin əvvəllərində önəm verdiyi təhsil bu gün UNESCO-nun əsas prioritetidir

Lasaqabaster: Mesenat Tağıyevin hələ ötən əsrin əvvəllərində önəm verdiyi təhsil bu gün UNESCO-nun əsas prioritetidir
 

Link: https://azertag.az/

Azərbaycanlı filantrop H.Z.Tağıyev hələ ötən əsrin əvvəllərində təhsilin, xüsusilə də qadınların təhsilinin vacibliyini, eləcə də cəmiyyətin inkişafında təhsilin böyük rolu olduğunu görüb. Böyük mesenat Azərbaycanda təhsilin, mədəniyyətin, mətbuatın inkişafına böyük töhfələr verib.

Bu fikirləri UNESCO Baş Direktorun Ofisində Gender Bərabərliyi bölməsinin direktoru Mariya Beqona Lasaqabaster UNESCO mənzil-qərargahında tarixi şəxsiyyət, mesenat H.Z.Tağıyevin (1823–1924) anadan olmasın 200 illiyinə həsr edilmiş fotosərginin açılışında AZƏRTAC-a müsahibəsində deyib.

M.B.Lasaqabaster bildirib ki, mesenat H.Z.Tağıyevin hələ ötən əsrin əvvəllərində önəm verdiyi təhsil bu gün UNESCO-nun əsas prioritetidir, çünki o, fundamental insan hüququ və sülhün qurulması və davamlı inkişafın irəliləyişinin əsasıdır.

“H.Z.Tağıyev hələ ötən əsrin əvvəllərində müsəlman qadınlarının, ümumiyyətlə regionda qadınların maarifləndirilməsinə çalışıb. H.Z.Tağıyev qadınların inkişafına verdiyi önəm və töhfəsi ilə bizim hər birimizi ilhamlandırıb. Tağıyev təkcə qadınların maariflənməsinə deyil, həmçinin UNESCO-nun böyük əhəmiyyət verdiyi mədəniyyətin inkişafına da dəstək verib. Tağıyev məktəblərlə yanaşı, teatrların, mətbuatın inkişafında da böyük rol oynayıb.

Bu gün H.Z.Tağıyevin anadan olmasının 200 illiyini qeyd edirik. Onun qaldırdığı və önəm verdiyi məsələlər hələ də gündəmin vacib məsələləridir. O, bir əsr əvvəl qadının təhsil almasının vacibliyini vurğulayıb. Bu gün də hər kəs bilir ki, qadının təhsil alması təkcə bir ailə üçün deyil, cəmiyyət üçün vacibdir”, - deyə M.B.Lasaqabaster vurğulayıb.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris