İordaniyada Zəfər Günü münasibətilə tədbir və Şuşa haqqında kitabın təqdimatı keçirilib

Link: https://azertag.az/

Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq, “Şuşa İli”, eləcə də 8 Noyabr – Zəfər Günü ilə əlaqədar İordaniya Haşimilər Krallığının Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzində geniş tədbir və “Şuşa – Azərbaycanın tarixi və strateji əhəmiyyətli mədəniyyət paytaxtı” adlı kitabın Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən hazırlanmış ərəb versiyasının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Mərkəzin baş direktoru Cavad əl-Həməd və aparıcı mütəxəssisləri, Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının baş katibi Seymur Fətəliyev və kitabın müəllifi, beynəlxalq münasibətlər üzrə professor, siyasi elmlər doktoru Elçin Əhmədov, habelə İordaniyanın siyasi, ictimai və hərbi xadimləri, aparıcı informasiya resurslarının nümayəndələri, tarixçi Ömər əl-Armuti iştirak ediblər.

Səfir Eldar Səlimov çıxış edərək 8 Noyabr – Zəfər Gününün Azərbaycan tarixindəki müstəsna əhəmiyyətindən söz açıb, bu şanlı Qələbəyə aparan məşəqqətli siyasi və diplomatik yollardan geniş bəhs edib, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə şanlı Ordumuzun tarixi missiyasını yerinə yetirərək təxminən üç onillik ərzində erməni tapdağı altında olmuş Qarabağımızı işğaldan azad etdiyini vurğulayıb. O, həmçinin bu gün Azərbaycanın Ermənistanla əlaqələrin normallaşması üçün irəli sürdüyü 5 prinsip barədə məlumat verib, dövlətimizin hər zaman konstruktivliyə üstünlük verdiyini, Cənubi Qafqaz regionunda sülhə, sabitliyə, əmin-amanlığa və regional inkişafa can atdığını diqqətə çatdırıb. Diplomat çıxışında azad edilmiş torpaqlarımızda həyata keçirilən nəhəng layihələrə, yenidənqurma və bərpa işlərindən də danışıb.

Təqdimatı keçirilən kitab haqqında məlumat verən səfir bildirib ki, bu nəşr Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərinin tarixi, memarlıq inciləri, Azərbaycanın bu şəhərdə doğulmuş, yaşayıb-yaratmış görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığı, şəhərin işğal dövrü ilə bağlı materialları əhatə edir. E.Səlimov deyib ki, təkzibolunmaz tarixi faktlara və sübutlara söykənən bu müstəsna tarixi əsər ərəb oxucular üçün çox faydalı olacaq.

Tədbirdə çıxış edən S.Fətəliyev ölkəmizin tarixi və mədəniyyətində xüsusi yerə malik, Azərbaycan xalqı üçün müqəddəs məkan olan Şuşa şəhərinin məhz 2020-ci il noyabrın 8-də Ermənistanın işğalından azad edildiyini və tarixi ədalətin bərpa edildiyini diqqətə çatdırıb. O qeyd edib ki, 44 günlük Vətən müharibəsi nəticəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tarixi Qələbə qazanıb və ərazi bütövlüyümüzü təmin edib. Erməni işğalının nəticələri və fəsadlarından bəhs edən natiq vurğulayıb ki, Azərbaycanın mədəniyyət paytaxtı olan, "Şərqin konservatoriyası” adlanan, 2001-ci ildən UNESCO-nun İrs Siyahısında yer alan, bir sıra görkəmli xadimlərin vətəni - qədim Şuşa şəhəri də erməni işğalı nəticəsində böyük dağıntılara məruz qalıb.

Baş katib “Şuşa İli” çərçivəsində Azərbaycanın UNESCO üzrə Milli Komissiyası tərəfindən ölkə daxilində və xaricində bir sıra layihələrin həyata keçirildiyi barədə məlumat verib, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədovun müəllifi olduğu “Şuşa – Azərbaycanın tarixi və strateji əhəmiyyətli mədəniyyət paytaxtı” kitabının da məhz bu layihələrdən biri olduğunu bildirib.

S.Fətəliyev dünyada multikulturalizmin, tolerantlığın və dini dözümlülüyün məkanı kimi tanınan Azərbaycanın UNESCO ilə əməkdaşlıq əlaqələrinə toxunub, bu mötəbər təşkilatın İcraiyyə Şurasının 215-ci sessiyasının gündəliyinə təqdim edilən “Bakı prosesi: dayanıqlı sülh və inkişaf üçün mədəniyyətlərarası dialoqu və sosial inklüzivliyi təşviq etmək” adlı qərar layihəsinin yekdilliklə qəbul edildiyini qeyd edərək, buna dəstək olan bütün ölkələrə bir daha minnətdarlıq ifadə edib.

Professor E.Əhmədov çıxışında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı Qələbədən söz açıb, müəllifi olduğu kitabın məzmunu haqqında məlumat verib. O, kitabda Şuşa şəhərinin tarixinə aid bütün məsələlərin faktlarla öz əksini tapdığını bildirib. İştirakçıların diqqətinə çatdırılıb ki, XX əsrin sonunda Ermənistanın Azərbaycana hərbi təcavüzü, Şuşanın işğalı və şəhərdə mədəni soyqırımı siyasətini, xüsusən tarixi-memarlıq abidələrimizin, məscidlərimizin erməni vandalizminə məruz qalması fotoşəkillərlə təqdim edilib.

Sonra Mərkəzin baş direktoru C.Əl-Həməd, tarixçi Ö.Əl-Armuti, “əl-Oruba” elektron xəbər agentliyinin direktoru Sultan əl-Həttab, bu ilin oktyabrında azad edilmiş torpaqlarımıza səfər etmiş rəsmi “əl-Ğad” və “əl-Ənbat” qəzetlərinin jurnalistləri Nemət əl-Xora və İman əl-Fəris, habelə İordaniya Birləşmiş Qərargahlar Komitəsinin sabiq sədr müavini Qasid Məhəmməd, İordaniya Universitetinin siyasi elmlər doktoru, professor Nizam Bərəkət çıxış ediblər. Onlar Azərbaycan dövləti və xalqını Zəfər Günü münasibətilə təbrik edərək, bu Qələbənin torpaqları işğal altında olan xalqlar üçün xüsusi örnək olduğunu dilə gətirib, dost ölkəmizə və xalqımıza davamlı sülh, əmin-amanlıq və tərəqqi arzulayıblar.

Rəsmi qəzetlərin jurnalistləri səfər zamanı şahidi olduqları erməni vandalizmi və vəhşiliyinin fəsadları barədə acı təəssüratlarını bölüşərək, erməni işğalçılarının Azərbaycan torpaqlarının kimliyini hər bir vəchlə dəyişməyə can atdığını, orada həyata keçirilən bərpa-quruculuq işlərinin qarşısında duran ən başlıca maneənin minalar olduğunu, Ermənistanın təqdim etdiyi mina xəritələrinin reallığı əks etdirmədiyini vurğulayıblar.

Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə