İordaniya Universitetində Nizami Gəncəviyə həsr olunmuş simpozium keçirilib

Link: https://azertag.az/

İordaniya Universiteti və ölkəmizin İordaniyadakı səfirliyinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş simpozium keçirilib.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan şairi Nizami Gəncəvi ərəblərin gözü ilə” mövzusunda keçirilən tədbirdə çıxış edən ölkəmizin İordaniyadakı səfiri Eldar Səlimov yola saldığımız ilin Prezident İlham Əliyevin Sərəncamı ilə “Nizami Gəncəvi İli” olduğunu, bu çərçivədə bir sıra mötəbər beynəlxalq təşkilatlar, o cümlədən UNESCO ilə birlikdə tədbirlər keçirildiyini diqqətə çatdırıb. O əlavə edib ki, ərəb ölkələrində də dahi şairə həsr olunmuş tədbirlər təşkil olunub.

Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyanın baş katibi, xüsusi tapşırıqlar üzrə səfir Seymur Fətəliyev və tədbirə videokonfrans formatında qoşulan digər natiqlər Nizami Gəncəvinin zəngin və bütün bəşəriyyətə məxsus olan irsi, onun təbliği sahəsində görülən işlərdən bəhs ediblər.

Sonda səfirliyin və UNESCO üzrə Milli Komissiyanın dəstəyi ərəb dilində çapdan çıxmış Nizami Gəncəvi haqqında kitabın təqdimatı olub. Nəşrin redaktoru olan iordaniyalı alim Əbdülkərim Caradat çıxışında qeyd edib ki, bəşər mədəniyyətinə dahilər bəxş edən Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə”si ərəb poeziyası və fəlsəfi fikrinin formalaşmasında mühüm rol oynayıb.

 

Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə