Əsmər Nərimanbəyova: Şuşanı gəzdikcə mövzular sel kimi axıb, özü ilə bir növ yeni fikirlər gətirir

Link: https://azertag.az/

Şuşanın hər bir qarışı bizim üçün doğmadır. Təəssüf ki, biz bu binaları fotolarda görmüşük. Onlar tanınmaz hala düşsə də indi biz həmin köhnə Şuşanın küçələri ilə dolaşır, onun istisini duya bilirik.

Bu sözləri Mədəniyyət Nazirliyinin “Şuşa və Bakı Gənclər İncəsənət Düşərgəsi” layihəsi çərçivəsində bir qrup əcnəbi rəssamla birgə Şuşa şəhərində səfərdə olan Əməkdar rəssam Əsmər Nərimanbəyova AZƏRTAC-a müsahibəsində deyib.

“Yağlı boya ilə işləyərkən istədim Şuşanı futurizm elementlərilə kubizm və daha çox impressionizm janrında təsvir edim. Şuşanı gəzdikcə, Şuşa qalasını, görkəmli şəxsiyyətlərin dağıdılmış evlərini görüncə, Cıdır düzündən dağları seyr etdikcə mövzular sel kimi axıb, özü ilə bir növ yeni fikirlər gətirir. Çəkdiyim rəsmlərdə çalışmışam Şuşanın tarixi abidələrini, eyni zamanda, füsunkar təbiətini əks etdirim. Bundan başqa ağacların kölgəsində gizlənən evləri, kol-kos basmış həyətləri, uzaqdan, quş uçuşundan tabloya köçürməyi düşünürəm”, - deyə Əsmər Nərimanbəyova bildirib.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının, ölkəmizin İspaniyadakı səfirliyi və Andorranın UNESCO üzrə Milli Komissiyasının nümayəndələrinin təşkilatçılığı ilə ərsəyə gəlmiş bu layihə çərçivəsində yerli və əcnəbi rəssamlar Şuşa ilə yanaşı Ağdam, Füzuli və Cəbrayıl rayonlarına səfər etdikdən sonra öz təəssüratlarını Şuşa şəhərində kətan parça üzərinə köçürməyə başlayıb.

Qeyd edək ki, gənc rəssamların çəkdikləri rəsm əsərlərindən ibarət kataloqun hazırlanması və xarici ölkələrdə yayımlanması, həmçinin rəsm əsərlərindən ibarət sərginin təşkili nəzərdə tutulur.

Məmməd Məmmədli
Şuşa