Dubayda Azərbaycanın Zəfər Günü qeyd edilib
2023-11-07Link: https://azertag.az/
Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi, Dubaydakı Baş konsulluğu və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının təşkilatçılığı ilə Dubayda 8 Noyabr - Zəfər Günü münasibətilə bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Dubayda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, bu ölkədə yaşayan və təhsil alan soydaşlarımız, media nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər İkinci Qarabağ müharibəsində Azərbaycanın şanlı Qələbəsindən bəhs edərək Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik siyasəti və sərkərdəlik məharəti ilə cəmi 44 gün ərzində Azərbaycan Ordusunun Zəfərinin təmin edildiyini və döyüşlərin işğalçı Ermənistanın kapitulyasiyası ilə nəticələndiyini qeyd ediblər.
Çıxışlarda diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli Dövlət Bayrağımızın ucaldılması ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpasının təntənəsi olmaqla yüksək qürur və iftixar hissləri ilə qarşılanıb.
Həmçinin vurğulanıb ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinin bir istiqamətini yaşayış yerlərinin bərpası təşkil edir. Artıq bu sahədə bəzi layihələrin icrası başa çatıb və öz doğma yurdlarından didərgin düşmüş məcburi köçkünlərimiz əzəli yurd-yuvalarına qayıdıblar. O cümlədən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması istiqamətində həyata keçirilən “Böyük Qayıdış” proqramı, Azərbaycanın regionda dayanıqlı sülhə və tərəqqiyə nail olunması üçün göstərdiyi səylər barədə ətraflı məlumat verilib.
Tədbir konsert proqramı ilə davam edib.