Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Bakıda ICOMOS tərəfindən beynəlxalq təlim keçirilir
2023-05-08Link: https://azertag.az/
Mayın 8-də Bakıda Dövlət Turizm Agentliyi, UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS) və ICOMOS Azərbaycan Milli Komitəsinin birgə təşkilatçılığı ilə “Ümumdünya irsi peşəkarlarının bacarıqlarının gücləndirilməsi” adlı beynəlxalq təlim proqramı işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirin açılış mərasimində çıxış edən Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova yer üzündə ən əhəmiyyətli mədəni məkanlar olan dünya irs ərazilərinin mühafizəsi və idarə olunmasının xüsusi bacarıqlar tələb etdiyini qeyd edib.
Bu sahədə bacarıq və biliklərin gücləndirilməsi dünya mədəni irsinin qorunması baxımından böyük önəm kəsb etdiyini söyləyən Azadə Hüseynova təlim proqramının ümumdünya irs obyektlərinin mühafizəsi sahəsində bacarıqları artırmaq, qarşılıqlı öyrənmək, təcrübə mübadiləsi aparmaq üçün unikal imkan yaratdığını bildirib.
Azadə Hüseynova Ümumdünya İrs Siyahısına daxil olan Şəki Xan Sarayı və Şəkinin tarixi mərkəzinin Dövlət Turizm Agentliyi tərəfindən idarə olunduğunu xatırladaraq bu qoruqdakı mədəni-tarixi abidələrin gələcək nəsillər üçün qorunması istiqamətində davamlı addımlar atıldığını vurğulayıb.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə Azərbaycanda bu səviyyəli tədbirin təşkilinin dünya irs ərazilərinin mühafizəsi, mədəni irs obyektlərinin bərpası və konservasiyası sahəsində ekspertlərin praktiki biliklərinin artırılması baxımından böyük önəm daşıdığını bildirib.
Daha sonra ICOMOS Prezidenti Teresa Patrisionun görüş iştirakçılarına videomüraciəti təqdim olunub.
Qeyd edilib ki, ilk dəfə olaraq ICOMOS təşkilatının dəvəti ilə dünyanın müxtəlif regionlarını əhatə edən 17 ölkədən olan ekspertlər, mədəni irs sahəsində mütəxəssislər Bakıya gəliblər. Tədbir iştirakçıları arasında İsrail, Fransa, Polşa, Gürcüstan, Türkiyə, Bolqarıstan, Sloveniya, Rusiya, Rumıniya, Moldova, Gürcüstan, Pakistan, Qazaxıstan, Özbəkistan, Misir, Oman və digər ölkələrdən mütəxəssislər var.
Mayın 12-dək davam edəcək tədbir çərçivəsində Ümumdünya İrs Konvensiyasının qayda və prosedurları, o cümlədən UNESCO-nun Ümumdünya İrs Ərazilərinin seçim meyarları, bu ərazilərin idarə olunmasına mənfi təsirlər və risklər barədə müzakirələr və təcrübə mübadiləsi aparılacaq.
Tədbirin praktiki hissəsinin Ümumdünya İrs Ərazisi olan İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksində keçirilməsi nəzərdə tutulur.