Dövlət Turizm Agentliyinin təmsilçisi ICOMOS-un Baş Assambleyasına həmsədr seçilib

Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyəti sədrinin müavini Sədaqət Davudova Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS) Baş Assambleyasının həmsədri seçilib
 

Link: https://azertag.az/

Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyəti sədrinin müavini Sədaqət Davudova Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS) Baş Assambleyasının həmsədri seçilib.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, təşkilatın oktyabrın 25-31-də Tailand Krallığının Banqkok şəhərində keçiriləcək Baş Assambleyasında ICOMOS Azərbaycan Milli Komitəsi ilk dəfə həmsədr qismində iştirak edəcək. ICOMOS-un prezidenti xanım Teresa Patricionun sədrliyi ilə keçiriləcək Assambleyaya Azərbaycanla yanaşı ICOMOS-un Avstraliya Milli Komitəsi həmsədrlik edəcək.

Maddi-mədəni irsin qorunması üzrə dünyada nüfuzlu beynəlxalq təşkilat olan və baş qərargahı Fransanın Paris şəhərində yerləşən ICOMOS-un Baş Assambleyası qurumun illik keçirilən əhəmiyyətli tədbiri hesab olunur. ICOMOS-un Baş Assambleyasının iclasında təşkilatın gələcək fəaliyyət istiqamətləri, yeni xartiyaların qəbulu, milli komitələrin fəaliyyəti ilə bağlı müzakirələr aparılacaq.

1965-ci ildə təsis edilən ICOMOS maddi-mədəni irsin qorunması, memarlıq və arxeoloji abidələrin mühafizəsi sahəsində ixtisaslaşmış dünya miqyaslı qeyri-hökumət təşkilatıdır. UNESCO-nun Dünya İrs Mərkəzinin məşvərətçi orqanı olan Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şura 100-dən çox milli komitəni, 30-dək beynəlxalq elmi komitəni və 153 ölkədən 10 mindən çox mütəxəssis üzvü özündə birləşdirir.

ICOMOS Azərbaycan Milli Komitəsi 2021-ci ildə Dövlət Turizm Agentliyinin təşəbbüsü və dəstəyi ilə fəaliyyətə başlayıb.