Dədə Qorqud bizim ortaq mədəni mirasımız olduğu üçün yaradacağım əsərləri məhz bu mövzuya həsr edəcəyəm

türk rəssam Alpər Bakıcı
 

Link: https://azertag.az/

Dünən biz Ağdama səfər etdik, Azərbaycan Ordusunun 44 günlük müharibədə düşmən tapdağından azad etdiyi torpaqları gördük. Biz o şanlı müharibəni çox böyük həyəcanla izləyirdik və qardaş Azərbaycan xalqının qələbəsinə inanırdıq. Ona görə ki, qardaşlarımızın müharibəsi haqq müharibəsi idi. Şükürlər olsun ki, bizim dualarımız qəbul olundu və arzularımız reallaşdı. Azərbaycan xalqının 30 illik torpaq həsrətinə son qoyuldu, haqq öz yerini tapdı. Bizə də bu yerləri gəlib görmək nəsib oldu.

AZƏRTAC xəbər verir ki, bu sözləri “ArtCamp Shusha and Baku” layihəsi çərçivəsində Şuşada keçirilən mətbuat konfransı zamanı jurnalistlərə türk rəssam Alpər Bakıcı deyib.

“Bu gün biz UNESCO-nun həyata keçirdiyi “ArtCamp Shusha and Baku” layihəsi çərçivəsində Qarabağda baş verən müharibənin fəsadlarını sənət əsərlərimizdə işiqlandırmaq üçün Şuşadayıq. Mən Qarabağla bağlı 3 rəsm əsəri işləyəcəyəm. Dədə Qorqud bizim ortaq mədəni mirasımız olduğu üçün yaradacağım əsərləri məhz bu mövzuya həsr edəcəyəm”, - deyə Alpər Bakıcı bildirib.

Məmməd Məmmədli
Şuşa