Ceyhun Bayramov: Ermənistan mədəni irsimizin məhvi istiqamətində sistemli siyasət həyata keçirib

 

Link: https://azertag.az/

Türk dünyasına məxsus ortaq miraslarımızın UNESCO-nun müvafiq irs siyahılarına birgə təqdim edilməsi məsələlərində qarşılıqlı dəstək vacibdir.

AZƏRTAC xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov UNESCO üzrə Türkiyə Milli Komissiyasının prezidenti Öcal Oğuzun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə səsləndirib.

O, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüz siyasəti çərçivəsində ölkəmizin mədəni irsinin məhv edilməsi, talan edilməsi və mənimsənilməsi istiqamətində sistemli siyasətin həyata keçirildiyini bildirərək ötən müddət ərzində mədəni sərvətimizə vurulmuş ziyandan, mədəni irsimizin tarixi-mədəni xarakterinin qəsdən dəyişdirilməsindən bəhs edib. Habelə, ərazilərimizdə mövcud mina təhlükəsi, bunun yaratdığı ciddi humanitar fəsadlardan danışıb.

Ceyhun Bayramov, həmçinin 30 illik işğalın ağır nəticələrinin aradan qaldırılması istiqamətində ölkəmiz tərəfindən atılan əməli addımlar barədə məlumat verərək işğaldan azad edilmiş ərazilərdəki bütün mədəni və dini abidələrin mənşəyindən asılı olmayaraq lazımi qaydada mühafizəsi və bərpası işlərinin aparıldığını qeyd edib. Nazir Ermənistanın törətdiyi kobud pozuntular və qeyri-qanuni fəaliyyətlər barədə Azərbaycanın dəfələrlə UNESCO-ya xəbərdarlıq etdiyini və işğal olunmuş ərazilərə texniki missiya göndərilməsinin zəruriliyi məsələsini qaldırdığını diqqətə çatdırıb.