Çay festivalı: “Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan”
2023-03-16Link: https://azertag.az/
Keçən il noyabrın 28-də UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında Azərbaycan və Türkiyə respublikalarının təşəbbüsü ilə “Çay mədəniyyəti kimliyin, qonaqpərvərliyin və sosial əlaqələrin rəmzi” nominasiyası kimi tanınıb və UNESCO-nun Qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilib.
Azərbaycan çay mədəniyyəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edildikdən sonra “5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” bu təşəbbüsə qoşularaq Azərbaycan çayının təbliği, çayçılıq təsərrüfatına diqqətin yönəldilməsi, eyni zamanda xalqımıza məxsus qonaqpərvərlik keyfiyyətlərinin təbliği, bu mədəniyyətin ənənələrinin yaşadılması, qonağa hörmət xüsusiyyətinin qorunması məqsədilə “Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” adlı çay festivalına start verib.
Uşaq-Gənclər İnkişaf Mərkəzindən AZƏRTAC-a bildirilib ki, festival çərçivəsində dərnək məşğələlərində çay bitkisinin becərilməsinə, əkilməsinə, emalına, istifadə qaydalarına və çay mədəniyyətinin formalaşmasına həsr olunmuş müxtəlif tədbirlər həyat keçirilib. Belə ki, dərnək üzvləri arasında “Süfrələrin yaraşığı çay” adlı rəsm və əl işləri sərgisi, “Azərbaycan və türk xalqlarını birləşdirən qonaqpərvərliyimiz çay süfrəsi arxasında” adlı esse müsabiqəsi və “Çay mədəniyyəti qonaqpərvərliyimizin rəmzidir” mövzusunda konfrans keçirilib.
5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində keçirilən konfrans Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərin və Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çay bitkisinin Azərbaycana gətirilməsi və becərilməsi tarixinə, çayın hazırlanması və ondan istifadə, süfrə mədəniyyətinin ayrılmaz hissəsinə həsr olunmuş məruzə və təqdimatlarla çıxış edilib.
Daha sonra çay mövzusuna həsr olunmuş rəqs və mahnılar ifa edilib, həmçinin dərnək üzvlərinin bu mövzuda çəkdikləri rəsmlər nümayiş edilib, uşaqlar təsvir etdikləri rəsmlər barədə danışıblar.
Tədbirdə iştirak edən Türkiyənin Azərbaycandakı Gəncliyə Yardım Fondunun koordinatoru, Gənc İstedadlar Akademiyasının sədri Şahəli Cəlilov, Kənd təsərrüfatı Nazirliyinin Meyvəçilik və tərəvəzçilik şöbəsinin baş məsləhətçisi Mehri Əhmədova, həmin şöbənin məsləhətçisi Zəhra Mailova çıxış edərək çay festivalının keçirilməsinin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, bu tədbirin keçirilməsi uşaqlar arasında çayçılıq təsərrüfatına marağın genişlənməsinə bu sahənin daha da inkişafına səbəb olacaq.
Dərnək üzvlərinin ifa etdiyi esse, rəqs və mahnılar, həmçinin nümayiş olunan rəsm əsərləri qonaqlar tərəfindən maraqla qarşılanıb.