Bir qrup yerli və xarici rəssamın Cəbrayıl rayonuna səfəri təşkil olunub

Link: https://azertag.az/

Mədəniyyət Nazirliyinin "Şuşa və Bakı Gənclər İncəsənət Düşərgəsi” layihəsi çərçivəsində bir qrup yerli və xarici rəssamın işğaldan azad edilən Cəbrayıl rayonuna səfəri təşkil olunub.

AZƏRTAC xəbər verir ki, gənc rəssamlar Cəbrayıl şəhərin dağıntılarını izləyib, Dostluq bulağında olub, gördüklərinin eskizini yaradıblar.

Səfər zamanı onlar, həmçinin Arakül kəndində (Cəbrayıl) 1876-cı ildə əkilmiş qədim Xan çinarın qarşısında şəkil çəkdirib, xalq mahnılarını dinləyiblər.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının, ölkəmizin İspaniyadakı səfirliyi və Andorranın UNESCO üzrə Milli Komissiyasının nümayəndələrinin təşkilatçılığı ilə ərsəyə gəlmiş bu layihə çərçivəsində rəssamlar ziyarət etdikləri bölgələri, tarixi məkanları və təbiətin gözəlliklərini kətan üzərinə köçürəcəklər. Gənc rəssamların çəkdikləri rəsm əsərlərindən ibarət kataloqun hazırlanması və xarici ölkələrdə yayımlanması, həmçinin rəsm əsərlərindən ibarət sərginin təşkili nəzərdə tutulur.

Məmməd Məmmədli
Şuşa