Azərbaycanın UNESCO-ya üzvlüyünün 30 illiyi muğam konserti ilə qeyd olunub

Link: https://azertag.az/

Azərbaycanın UNESCO üzrə Milli Komissiyası və UNESCO yanında Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Günü, ölkəmizin quruma üzv olmasının 30 illiyi və “Şuşa İli” çərçivəsində Parisdə “Qarabağ” muğam qrupunun konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, UNESCO-nun mənzil qərargahında keçirilmiş tədbirdə UNESCO-nun üzv dövlətlərinin daimi nümayəndələri, gənc diplomatlar, incəsənət xadimləri, yerli ictimaiyyət və diaspor nümayəndələri iştirak ediblər.

Tədbirdə UNESCO yanında daimi nümayəndə Elman Abdullayev çıxış edərək, 104 il əvvəl - 1918-ci il mayın 28-də müsəlman dünyasında ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını, cəmiyyətimizdə əsrlər boyu davam edən Azərbaycan Xalq Cümhuriyyətinin rəhbər prinsipləri olmuş tolerantlıq ənənələri əsasında ilk demokratik təsisatlar, çoxmillətli və inklüziv parlament yaradıldığını bildirib. Qeyd edib ki, Azərbaycan Respublikası 1992-ci ildə müstəqilliyini bərpa etdikdən sonra UNESCO-ya üzv olub. Bu il Azərbaycanın UNESCO-ya üzv olmasının 30 ili tamam olur. Bu illər ərzində Azərbaycanda, eləcə də UNESCO-nun mənzil qərargahında birgə tədbirlər, ortaq layihələr həyata keçirilib. Həmçinin Azərbaycan və UNESCO arasında güclü tərəfdaşlıq əlaqələrindən, əməkdaşlıqdan söz açılıb. Bildirilib ki, UNESCO-nun qlobal prioritetlərindən biri olan gender bərabərliyi anlayışı Azərbaycanın tarixində dərin köklərə malikdir.

UNESCO Baş direktorunun Afrika Prioriteti və xarici əlaqələr üzrə müavini Firmin Eduard Matoko ölkəmizi yaxşı tanıdığını bildirərək, Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyindən, eləcə də ölkəmizin UNESCO ilə əməkdaşlığından və həyata keçirilmiş layihələrdən söz açıb.

UNESCO-nun İcraiyyə Şurasının sədri Tamara Rastovaç-Siamaşvili Azərbaycanın qurumun II Seçki qrupuna sədrliyi çərçivəsində onun namizədliyinin irəli sürülməsinə, ona göstərilən etimada görə təşəkkürünü bildirib. O, Azərbaycan və UNESCO arasındakı uğurlu əməkdaşlıqdan danışıb.

Çıxışlardan sonra “Qarabağ” muğam klubunun konserti olub. Konsertdə Azərbaycanın Xalq artisti Mənsum İbrahimov və gənc xanəndə Gülzar Fərəcova Xalq artisti Elçin Haşımov (tar), Əməkdar artist Elnur Əhmədov (kamança) və Kamran Kərimovun (nağara) müşayiətində Azərbaycan xalq mahnıları, təsniflərini və muğam nümunələrini ifa ediblər.

Həmçinin “Junior Eurovision-2021” mahnı müsabiqəsində Azərbaycanın təmsilçisi olmuş gənc musiqiçi Sona Əzizova tamaşaçılara “Şuşam mənim” və “O günlərdən biri” mahnılarını təqdim edib.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris