Azərbaycanın UNESCO-nun 215-ci sessiyasının gündəliyinə təklif etdiyi qərar layihəsi yekdilliklə qəbul olunub
2022-10-19Link: https://azertag.az/
Oktyabrın 19-da Azərbaycan Respublikasının UNESCO-nun 215-ci sessiyasının gündəliyinə təklif etdiyi "Bakı prosesi: dayanıqlı sülh və inkişaf üçün mədəniyyətlərarası dialoqu və sosial inklüzivliyi təşviq etmək" başlıqlı qərar layihəsi yekdilliklə qəbul olunub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, UNESCO İcraiyyə Şurasının üzvü olan Ermənistan qərar layihəsinin qarşısını almağa çalışsa da, layihə 41 ölkə tərəfindən dəstəklənərək yekdilliklə qəbul olunub.
Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2008-ci ildən başlanılmış sözügedən proses dünyada mədəniyyətlərarası dialoqun təşviqində ən mühüm platformalardan biri olmaqla yanaşı, BMT tərəfindən dəstəklənib.
UNESCO və ICESCO kimi beynəlxalq təşkilatların tərəfdaşı olduğu Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumuna indiyə kimi 135 ölkədən 1500-ə yaxın iştirakçı qatılıb. Dünya Forumu bütün dünyada insanlar üçün mədəniyyətlərarası və dinlərarası dialoq üçün əsas platformalardan biri hesab edilir.