Azərbaycan ilə UNESCO arasında əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə edilib
2024-05-01Link: https://azertag.az/
Mayın 1-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan UNESCO Baş direktorunun sosial və humanitar elmlər üzrə köməkçisi Qabriela Ramos ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə UNESCO arasında əməkdaşlıq gündəliyində duran məsələlər, COP29 çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.
Nazir Ceyhun Bayramov ölkəmizin müstəqilliyinin bərpasından bəri UNESCO ilə yaxından əməkdaşlıq edərək təhsil, mədəni irs nümunələrinin qorunması, mədəniyyətlərarası dialoqun təşviqi kimi sahələrdə Təşkilatın fəaliyyətinə töhfə verdiyini diqqətə çatdırıb. VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilində tərəfdaşlığın öz növbəsində Azərbaycan-UNESCO əməkdaşlığının davamlılığının bariz nümunəsi olduğu bildirilib.
UNESCO tərəfi ölkəmizlə mədəniyyətlər arasında dialoq, gender bərabərliyi, gənclərlə iş, habelə süni zəka kimi müasir texnologiyalardan istifadə sahəsində etika məsələləri kimi əməkdaşlıq imkanlarının olduğunu bildirib.
Nazir Ceyhun Bayramov ölkəmizdə qeyd edilən istiqamətlərdə görülən işlər barədə məlumat verib.
Bu il ölkəmizin ev sahibliyi edəcəyi COP29-la bağlı hazırlıq işlərindən də danışan C.Bayramov COP29 sədrliyimizin iqlim dəyişikliyi ilə mübarizə kimi kompleks yanaşma tələb edən sahədə müxtəlif dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığın təşviqinə istiqamətləndiyini diqqətə çatdırıb.
Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.