Azərbaycan ilə ICESCO arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb

Link: https://azertag.az/

Azərbaycanın xarici işlər nazirinin müavini, UNESCO-nun Baş Konfransının 42-ci sessiyasında ölkəmizi təmsil edən nümayəndə heyətinin rəhbəri Elnur Məmmədov ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan və ICESCO arasında yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin mövcud olduğu qeyd edilib. ICESCO-nun Azərbaycanın azad edilmiş ərazilərinə öz nümayəndələrini göndərən ilk beynəlxalq təşkilatlar sırasında olduğu məmnunluqla vurğulanıb.

Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ölkəmizdə tarixi, mədəni, dini abidələrin qorunmasına hər zaman yüksək diqqət və qayğı göstərdikləri vurğulanıb. İşğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda Azərbaycan xalqının tarixi, mədəni və dini irsinin Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılması faktına toxunulub.

Söhbət zamanı Bakıda keçirilmiş 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində “Azərkosmos” ilə ICESCO arasında birgə bəyanat sənədinin imzalanması, bu sənədə əsasən “Azərkosmos” və ISESCO-nun Azərbaycanda kosmos sahəsində ilk investisiya layihəsinə dair fikir mübadiləsi aparılıb.

Qətərin paytaxtı Dohada keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın qədim Şuşa şəhərinin 2024-cü il üçün ICESCO-nun “İslam dünyasının mədəniyyət paytaxtı” seçilməsi alqışlanıb. Bildirilib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun böyük qəhrəmanlıqla azad etdiyi qala-şəhərin tarixi şöhrəti özünə qaytarılıb.

Görüşdə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən Şuşanın tarixi, dini, mədəni abidələrinin bərpasından söz açılıb, “İslam dünyasının mədəniyyət paytaxtı” üçün Şuşanın namizədliyinin irəli sürülməsi prosesinə Mehriban xanım Əliyevanın mühüm dəstəyi xüsusi vurğulanıb.

Baş direktor Salim bin Məhəmməd əl-Maliki Azərbaycanın ICESCO-nun fəaliyyətini hər zaman dəstəklədiyini vurğulayıb və ölkəmizin təşkilatın işinə mühüm töhfələr verməsini təqdir edib.

Söhbət zamanı ICESCO ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri, gənclərin iştirakı ilə sülh gündəliyini təşviq edən müxtəlif proqramların həyata keçirilməsi, təhsil sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris