Azərbaycan alimlərinin ərəb ölkələrində Nizami Gəncəvi irsinin təbliğində fəaliyyətləri yüksək qiymətləndirilib
2022-02-03Link: https://azertag.az/
İordaniyada Azərbaycan Respublikasının səfirliyinin təşəbbüsü və UNESCO-nun nəzdində Azərbaycan Milli Komitəsinin dəstəyi ilə ərəb ölkələri alimlərinin Nizami Gəncəvi haqqında məqalələrindən ibarət kitab Əmmanda işıq üzü görüb. “Azərbaycan şairi Nizami Gəncəvi ərəb alimlərinin gözü ilə” adlanan bu kitabda İordaniya, Misir, Suriya, Livan, İraq, Əlcəzair və Mərakeşdən olan alimlərin məqalələri toplanıb. Azərbaycan alimlərindən AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli və Ədəbiyyat İnstitutunun Ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri professor İmamverdi Həmidov kitabın elmi redaksiya heyətinə daxil edilib və onların məqalələri də kitabda yer alıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, akademik İsa Həbibbəyli və professor İmamverdi Həmidov kitabın təqdimat mərasiminə onlayn qatılaraq çıxış ediblər. Kitabın tərtibçisi və mərasimin aparıcısı iordaniyalı alim Əbdülkərim Cəradat Nizami irsinin ərəb ölkələrində öyrənilməsi sahəsində tədqiqatlar müəllifi olan İmamverdi Həmidova təşəkkür məktubu göndərib. Ə.Cəradat Ədəbiyyat İnstitutu ilə əlaqələri davam etdirmək arzusunda olduğunu da bildirib.
Azərbaycan Respublikasının İordaniyadakı səfiri Eldar Səlimov kitabın təqdimatından sonra Azərbaycan alimləri İsa Həbibbəyliyə və İmamverdi Həmidova maraqlı məruzə və əməkdaşlıq üçün təşəkkür edib, əməkdaşlığın davam etdirilməsinin faydalı olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, professor İmamverdi Həmidov “Nizami Gəncəvi İli”ndə Bağdadda keçirilmiş konfransda da onlayn iştirak edib. Alimin “Leyli və Məcnun” poemasının müqayisəli öyrənilməsi mövzusunda oxuduğu məruzə maraq doğurub. O, həmçinin Azərbaycan Respublikasının İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Nəsir Məmmədov və İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Motəz Muhyi Abdulhəmidun imzaladıqları “Təqdirnamə”yə layiq görülüb.
Konfransın iştirakçısı olan iraqlı alim Nazilə əl-Cəburi də İmamverdi Həmidova məruzəsinə görə minnətdarlığını bildirib və ona kitablarını göndərib.