Ankarada Müstəqilliyin Bərpası Günü və Nizami Gəncəvinin 880 illiyi münasibətilə tədbirlər keçirilib
2021-10-18Link: https://azertag.az/
Azərbaycanda Müstəqilliyin Bərpası Günü və dahi Azərbaycan şairi, böyük ədib və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi münasibətilə mərasim təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyi, UNESCO üzrə Azərbaycan və Türkiyə milli komissiyalarının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rəsmi şəxslər - səfirlər, deputatlar, o cümlədən Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun və Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın rəhbərliyi ilə Ankarada səfərdə olan nümayəndə heyətləri iştirak ediblər.
Mərasimin rəsmi hissəsində Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Sərdar Canın, Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədovun və UNESCO üzrə Türkiyənin Milli Komissiyasının sədri vəzifəsini icra edən Dəniz Çakarın çıxışları dinlənilib.
Sonra tədbir maraqlı musiqi proqramı ilə davam edib.
Azərbaycanın Xalq artisti Mənsum İbrahimov rəngarəng repertuarı və ecazkar səsi ilə səhnəni fəth edib. Xanəndəni Azərbaycanın Xalq artisti Elçin Həşimov (tar), Əməkdar artist Kamran Kərimov (nağara) və Pərviz Fərhadov (kamança) müşayiət ediblər.
Konsertin ikinci pərdəsində solistlər Demet Gürhan və Xosrov Hakan Amiri pianoda Gülər Dəmirova müşayiət edib.
Tamaşaçılar əsrarəngiz ifaları hərarətli alqışlarla qarşılayıblar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara