Akademik Şahin Mustafayevin UNESCO-nun qrant müsabiqəsinin münsiflər heyətində fəaliyyəti yüksək qiymətləndirilib

Akademik Şahin Mustafayev
 

Link: https://azertag.az/

UNESCO Baş direktorunun Sosial və humanitar sektor üzrə məsul müavini xanım Qabriela Ramos AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, UNESCO-nun İpək Yolları Proqramı üzrə Azərbaycanın əlaqələndiricisi akademik Şahin Mustafayevə məktub ünvanlayıb.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, məktubda Azərbaycan aliminə UNESCO-nun Gənclər üçün İpək Yolu Tədqiqat qrantı müsabiqəsinin münsiflər heyətində uğurlu fəaliyyətinə görə təşəkkür bildirilib.

Qeyd edək ki, UNESCO 2021-ci ildə gənc alimlər arasında İpək Yolu ilə bağlı tədqiqatları təşviq etmək məqsədilə müsabiqə elan edib. Müsabiqənin münsiflər heyətinə dünyanın bir neçə ölkəsindən tanınmış alimlər, o cümlədən akademik Şahin Mustafayev seçilib.

Xanım Qabriela Ramos akademik Şahin Mustafayevin fəaliyyətini yüksək qiymətləndirərək, azərbaycanlı alimin təcrübəsinin müsabiqənin keçirilməsində xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib. UNESCO rəsmisi ilk müsabiqədə əldə olunan uğurlara əsaslanaraq, ikinci qrant müsabiqəsinə də hazırlaşacaqlarını bildirib.