Akademik Rafael Hüseynov Azərbaycanın UNESCO-nun İcraiyyə Şurasına üzv seçilməsini tarixi hadisə kimi dəyərləndirib
2021-11-18Link: https://azertag.az/
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatı akademik Rafael Hüseynov 2021-ci il noyabrın 17-də Parisdə dünyanın ən mötəbər qurumlarından olan, 193 ölkəni birləşdirən BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Baş konfransının 41-ci sessiyasında Azərbaycanın İcraiyyə Şurasına 2021-2025-ci illər üzrə üzv seçilməsinə münasibət bildirib.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat Muzeyindən məlumat verilib. Akademik R.Hüseynov bütün üzv dövlətləri əhatə edən UNESCO Baş konfransının 2 ildən bir toplandığını və hər 4 ildən bir UNESCO-nun idarə heyəti funksiyasını yerinə yetirən İcraiyyə Şurasını seçdiyini bildirib. Qeyd edib ki, məhz bu qurum Baş konfransı hazırlayır, qəbul edilmiş qərarların icrasına nəzarəti həyata keçirir.
“193 ölkə arasından seçilən 58 ölkədən biri olmaq, İcraiyyə Şurasında yer almaq burada təmsil olunduğumuz 4 il ərzində UNESCO-nun həyatında bir çox məsələlərin həllinə bilavasitə təsir imkanlarını qat-qat artırır”, - deyə alim vurğulayıb. Əlavə edib ki, İcraiyyə Şurasında üzv olan ölkənin UNESCO çərçivəsində digər üzv dövlətlərə də mühüm layihələrin gerçəkləşməsində dəstək olmaq, kömək göstərmək imkanları artır.
Akademik R.Hüseynov ölkəmizin UNESCO-nun İcraiyyə Şurasına üzv seçilməsini çox sevindirici və tarixi mənası olan hadisə kimi dəyərləndirərək, bunun Azərbaycanın beynəlxalq miqyasdakı diqqətəlayiq uğurlarından biri olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanın İcraiyyə Şurasına üzv seçilməsinə üzv ölkələrdən 143-ü səs verib. Bu isə gərgin əməyin, aparılmış ardıcıl və səmərəli işin nəticəsidir.
Azərbaycanın qədim və zəngin mədəniyyət ölkəsi olduğunu bildirən akademik qeyd edib ki, ölkəmiz mədəniyyət sayəsində ərazisi, əhalisi, iqtisadi gücü, hərbi qüdrəti və digər göstəriciləri Azərbaycandan dəfələrlə böyük olan istənilən dövlətlə inamla üz-üzə dayana və üstün gələ bilər.
O, mədəniyyətin xalqımız üçün ən təsirli və möhtəşəm, incə və uzaqgedən siyasət sayılmalı olduğunu vurğulayaraq, millət təqvimindəki Dirçəliş Günündə baş vermiş bu fərəhli hadisəyə görə dövlətimizi və xalqımızı təbrik edib.