Afrika ölkələrinin UNESCO üzrə Milli Komissiyalarının nümayəndələrinin iştirakı ilə Xalça Muzeyində tədbir keçirilib
2022-10-04Link: https://azertag.az/
ADA Universiteti, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, İnkişaf və Diplomatiya İnstitutunun (ADA Universiteti) birgə təşkilatçılığı ilə ölkəmizdə Afrikanın 14 ölkəsinin UNESCO üzrə Milli Komissiyalarının baş katibləri və nümayəndələri üçün keçirilən təlim proqramı çərçivəsində növbəti tədbir Azərbaycan Milli Xalça Muzeyində təşkil edilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə muzeyin direktoru Şirin Məlikova “Mədəniyyətlərarası dialoq: rəngarəng Azərbaycan” mövzusunda çıxış edib. O, Qarabağın, o cümlədən Şuşa şəhərinin tarix və mədəniyyət abidələri, onların 30 ilə yaxın işğal dövründə erməni vandalları tərəfindən dağıdılması, minlərlə eksponatın talan edilməsi haqqında məlumat verib. Muzey direktoru hazırda işğaldan azad edilmiş ərazilərdə tarixi-mədəni abidələrin bərpası istiqamətində görülən işləri diqqətə çatdırıb.
Tədbirdən sonra qonaqlar muzeyin ekspozisiyası ilə yaxından tanış olublar. Ş.Məlikova onlara Azərbaycan xalça sənəti, muzeyin tarixi, fəaliyyəti, zəngin kolleksiyaları barədə ətraflı məlumat verib.
Sonda proqram iştirakçılarına Azərbaycan Milli Xalça Muzeyinin kataloqu hədiyyə olunub.
Qeyd edək ki, ölkəmizdə sentyabrın 24-dən başlayan təlim Afrikanın 14 ölkəsinin UNESCO üzrə Milli Komissiyalarının baş katibləri və nümayəndələri üçün nəzərdə tutulub.