ADA Universitetində UNESCO üzrə Milli Komissiyaların baş katibləri üçün təlimlər başlayıb

Link: https://azertag.az/

ADA Universiteti, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və İnkişaf və Diplomatiya İnstitutunun (ADA Universiteti) birgə təşkilatçılığı ilə sentyabrın 24-dən təlim proqramı başlayıb. Təlim İnstitutun İxtisasartırma Proqramı tərəfindən həyata keçirilir və Afrikanın 14 ölkəsinin UNESCO üzrə Milli Komissiyalarının baş katibləri və nümayəndələri üçün nəzərdə tutulub.

Bu barədə AZƏRTAC-a ADA Universitetindən məlumat verilib. Bildirilib ki, proqramın əsas məqsədi Azərbaycanın Afrika ölkələri ilə UNESCO çərçivəsində mövcud olan əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi, sözügedən regionda ölkəmiz barədə məlumatlılığın artırılması, eləcə də işğaldan azad olunmuş torpaqlarımızda bərpa-quruculuq işləri haqqında yeniliklərin çatdırılmasıdır.

Sentyabrın 26-sı baş tutan açılış mərasimində ADA Universitetinin prorektoru və İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə, Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev açılış nitqi ilə çıxış ediblər. Tədbirdə, həmçinin UNESCO-nun xoşməramlı səfiri və mədəni diplomatiya üzrə xüsusi nümayəndəsi Hedva Serin iştirakçılara ünvanladığı videomüraciət nümayiş etdirilib.

Fariz İsmayılzadə çıxışı zamanı təlim proqramının Azərbaycan və Afrika ölkələrinin UNESCO üzrə Milli Komissiyaları arasında əməkdaşlığı və ikitərəfli əlaqələri gücləndirəcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qədim tarixə malik Azərbaycanın mədəni irsinin geniş miqyasda təbliğinin vacibliyinə toxunub, bu irsin səmərəli şəkildə idarə edilməsində müasir turizm elementləri ilə tarixi ənənələrin sintezinin saxlanılmalı olduğunu diqqətə çatdırıb.

UNESCO üzrə Milli Komissiyanın baş katibi Seymur Fətəliyev Azərbaycanın UNESCO-ya üzvlüyünün 30 ilinin tamam olduğunu və ölkəmizin bu quruma üzv olduğu müddətdə təşkilatın prinsip və dəyərlərinin təbliğində əhəmiyyətli rol oynadığını vurğulayıb.

İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva öz çıxışında İnstitutun fəaliyyətindən bəhs edərək nəzərə çatdırıb ki, “IDD” dövlət və özəl sektorda, habelə akademik sferada fəaliyyət göstərən mütəxəssislər yetişdirir və onların peşəkar inkişafını təmin edir.

İnstitutun İxtisasartırma Proqramlarının direktoru Nərgiz İsmayılova təqdimatla çıxış edərək qeyd edib ki, oktyabrın 8-i başa çatacaq proqram çərçivəsində iştirakçılar ölkəmizlə yaxından tanış olmaq üçün Azərbaycan memarlığının Ümumdünya Mədəni İrs siyahısına daxil olan yerlərini ziyarət edəcəklər.

Qeyd edilib ki, hazırkı təlim proqramı UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və İnkişaf və Diplomatiya İnstitutunun əməkdaşlığı çərçivəsində baş tutan ilk tədbirdir. Təlimlər dövlət və özəl qurumları təmsil edən rəsmilərin, ADA Universitetinin professor-müəllim heyətinin, eləcə də ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələrinin mühazirələri ilə davam edəcək.