İlham Əliyev UNESCO-nun baş direktoru İrina Bokova ilə görüşüb
2017-05-05Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva UNESCO-nun baş direktoru xanım İrina Bokova ilə görüşüblər.
Görüşdə Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olundu, bu baxımdan dünyada böyük nüfuz qazanan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti yüksək qiymətləndirildi.
UNESCO-nun Foruma böyük önəm verməsindən məmnunluğunu ifadə edən Prezident İlham Əliyev bildirdi ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna maraq ildən-ilə artır və bu tədbir artıq qlobal hadisəyə çevrilib.
İrina Bokova UNESCO-nun bu Forumun əsas tərəfdaşlarından biri olmasından məmnunluq duyduqlarını bildirdi. Qeyd etdi ki, bu mötəbər tədbirə böyük əhəmiyyət verən UNESCO tərəfindən Forumda 15 müxtəlif layihə təqdim olunur. Xanım İrina Bokova dedi: “UNESCO regionda böyük nüfuz sahibi olan Azərbaycanın mövqeyini, bütün qonşu ölkələrlə dost və mehriban münasibətlərini yüksək dəyərləndirir”.
Forumun dünyada böyük uğur qazanması münasibətilə dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təbriklərini çatdıran UNESCO-nun baş direktoru Bakının dünyada mədəniyyətlərarası dialoq məkanı kimi tanındığını vurğuladı.