“Dədə Qorqud İrsi” nominasiyasının hazırlanması üzrə görüş keçirildi
2017-02-1716-17 fevral tarixlərində Qazaxıstanın Qızılorda şəhərində YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına təqdim etmək üçün “Dədə Qorqud İrsi” çoxmillətli nominasiya faylının hazırlanması üzrə görüş keçirilmişdir. Tədbir YUNESKO və İSESKO üzrə Qazaxıstan Respublikasının Milli Komissiyası, Qazaxıstan Milli Qeyri-maddi Mədəni İrs Komitəsi və Qazaxıstan Respublikasının Qızılorda Regionunun Yerli İdarəetmə orqanı tərəfindən təşkil olunmuşdur.
Görüşdə YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının müşaviri Gülnarə Ağalarova və AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı Sənubər Bağırova iştirak etmişlər. G.Ağalarova və Sənubər Bağırova görüşdə çıxış etmiş, Dədə Qorqud irsinin Azərbaycan və bütövlükdə türk dünyası üçün əhəmiyyətindən bəhs edərək, onun YUNESKO-nun siyahısına daxil edilməsi istiqamətində görülən tədbirləri yüksək qiymətləndirmişlər.
“Dədə Qorqud irsi”nin YUNESKO-nun Qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına çoxmillətli nominasiya kimi təqdim edilməsi planlaşdırılır.