UNESCO-nun rəhbərliyi Ermənistanın son təxribatı barədə məlumatlandırılıb
2020-09-29Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəsinin səlahiyyətlərini icra edən Ayaz Qocayev UNESCO-nun Baş direktorunun Prioritet Afrika və Xarici Əlaqələr üzrə müavini Firmin Edouard Matoko ilə görüşüb.
Görüşdə bu il sentyabrın 27-də səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması, Azərbaycanın mülki əhalisinin, yaşayış məntəqələrinin iriçaplı silahlardan atəşə tutulması və hərbi mövqelərimizə hücum barədə danışılıb. Erməni silahlı qüvvələrinin hücumu nəticəsində mülki şəxslər və hərbçilər həlak olub.
Dinc insanları müdafiə etmək, eyni zamanda, ölkəmizin ərazi bütövlüyü və suverenliyini qorumaq məqsədilə Azərbaycan Ordusu tərəfindən erməni hərbçilərinə qarşı əks-həmlə əməliyyatlarına başlanıldığı qeyd olunub.
Eyni zamanda, son zamanlar işğal olunmuş ərazilərimizə Suriya və Livandan erməni ailələrin yerləşdirilməsi, qondarma rejimin parlamentinin Azərbaycanın mədəniyyət incisi olan Şuşa şəhərinə köçürülməsi, eləcə də Ermənistan baş naziri və müdafiə nazirinin danışıqlar prosesinə zərbə vuran bəyanatları, Azərbaycanın mülki əhalisinin mütəmadi olaraq atəşə tutulduğu diqqətə çatdırılıb.
“UNESCO-nun əsas məqsədi mədəni irsin qorunmasıdır. Ermənistan işğal etdiyi ərazilərimizdə mədəni irsimizi dağıtmaqla azərbaycanlıların regionda izlərini silməyə çalışır. Tərtər rayonundakı xalça fabrikini Ermənistan silahlı birləşmələri məqsədli surətdə atəşə tutub və nəticədə fabrikə ciddi ziyan dəyib. Azərbaycan Xalça sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyindən, bu, birbaşa dünya irsinin dağıdılması deməkdir. Bu faktlar UNESCO-nu da narahat etməlidir”, - deyə A. Qocayev vurğulayıb.
Azərbaycanın Ermənistanın hərbi təcavüzünə məruz qalması faktına beynəlxalq təşkilatların, o cümlədən yaxın tərəfdaş olan UNESCO-nun ədalətli, tarazlaşdırılmamış mövqe nümayiş etdirməsinin vacibliyini diqqətə çatdırıb.
Qeyd olunub ki, Azərbaycan beynəlxalq təşkilatlardan cəzasızlıqdan istifadə edən Ermənistanın mülki əhalimizə qarşı hərbi hücumlarını pisləyən qəti mövqe gözləyir.
UNESCO-nun Baş direktorunun Prioritet Afrika və Xarici Əlaqələr üzrə müavini Firmin Edouard Matoko məlumatı baş direktorun diqqətinə çatdıracağını bildirib.