Anar Kərimov: Biennalenin sülh mədəniyyəti mövzusu “Bakı Prosesi”də müzakirə olunan məsələlərlə üst-üstə düşür
2020-05-25Beynəlxalq Afrika Günü münasibətilə UNESCO və Afrika İttifaqının birgə təşkilatçılığı ilə “Sülh mədəniyyətinə dair I Biennale” adlı onlayn konfrans keçirilib.
Onlayn konfransda UNESCO-nun Baş direktoru Odre Azule, qurumun Afrika prioriteti və xarici əlaqələr üzrə baş direktorun müavini Firmin Eduard Matoko, Afrika ölkələrinə humanitar yardım etmiş ölkələrin qurumdakı daimi nümayəndəliklərinin rəhbərləri, o cümlədən Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov, eləcə də Afrika İttifaqının sosial məsələlər üzrə kommisarı, Afrika ölkələrinin səfirləri iştirak ediblər.
Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyini rəhbəri, səfir Anar Kərimov ölkəmizin I Biennaleyə dəstəyindən, davamlı sülhün dayanıqlı inkişafın əsas şərti olmasından, ölkəmizin Afrika ölkələri ilə tərəfdaşlıq qurmaq və əməkdaşlığı gücləndirmək strategiyalarından söz açıb.
A.Kərimov artıq böyük qlobal platformaya çevrilmiş və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsünün bəhrəsi olan “Bakı Prosesi”nə toxunaraq deyib: “Biennalenin sülh mədəniyyəti mövzusu 12 il əvvəl başlamış “Bakı Prosesi” çərçivəsində müzakirə olunan məsələlərlə üst-üstə düşür. İki ildən bir UNESCO-nun dəstəyi ilə təşkil olunan Mədəniyyətlərarası Dialoq Forumlarında eyni problemlər və imkanlar müzakirə olunur”.
UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri qurumun katibliyinə “Bakı Prosesi”ni təqdim etmək və Luanda Biennalesi ilə “Bakı Prosesi”ni əlaqələndirmək məqsədilə təşkil olunmuş xüsusi panelə görə təşəkkürünü bildirib və gələcəkdə bu Biennaleyə dəstəyimizin davam edəcəyini qeyd edib.
Konfrans iştirakçıları Biennale ilə bağlı fikirlərini bölüşüblər.