UNESCO-nun İpək Yolu Beynəlxalq Şəbəkəsinin onlayn iclası keçirilib
2020-06-16UNESCO-nun İpək Yolu Beynəlxalq Şəbəkəsinin onlayn iclası keçirilib.
Xəbər verilir ki, sessiyada ölkəmizi İpək Yolu Online Platform proqramının Azərbaycan üzrə əlaqələndiricisi, akademik Şahin Mustafayev təmsil edib.
Ş.Mustafayev proqramın Azərbaycan üzrə əlaqələndiricisi qismində İpək Yolu ilə bağlı son illər ölkəmizdə həyata keçirilən tədbir və layihələr haqqında məlumat verib.
Akademik ötən il Azərbaycanın UNESCO-nun İpək Yolu Seriya nominasiyası proqramına qoşulmasından, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində İpək Yolu Araşdırmaları Mərkəzinin yaradılmasından söz açıb. Yeni şəraitdə, xüsusilə koronavirus pandemiyası dövründə İpək Yolu ilə bağlı beynəlxalq layihələrin həyata keçirilməsində ortaya çıxan problemlərdən danışıb. O, İpək Yolu ilə bağlı beynəlxalq layihələrin həyata keçirilməsində ortaya çıxan problemlərin həllinə dair beynəlxalq təşkilatların zəruri tədbirlər görməsinin, mütəxəssislərin çıxış yolları təklif etməsinin zəruriliyinə toxunub.
İclasda UNESCO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə köməkçisi Xing Qu, qurumun sosial və humanitar elmlər sektorunda tədqiqat, siyasət və perspektivlər bölməsinin rəhbəri John Crovley və etika, gənclər və idman bölməsinin rəhbəri Angela Melo, eləcə də Çin, İran, Almaniya, Koreya, Türkiyə, Rusiya, Əfqanıstan, Oman, Qətər, İspaniya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Monqolustan və İordaniyanın nümayəndələri iştirak ediblər.