Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyinə həsr edilən onlayn elmi konfrans
2020-06-19AMEA-nın Elm Tarixi İnstitutu (ETİ) Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir, publisist və teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyinə həsr edilən onlayn elmi konfrans keçirib.
İnstitutdan bildirilib ki, tədbirdə elmi müəssisənin direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli görkəmli ədibin həyat və yaradıcılığından söz açıb. Diqqətə çatdırıb ki, Əbdürrəhim bəy Haqverdiyev öz məşhur sələflərinin ədəbi ənənələrinin layiqli davamçısı və geniş erudisiyaya malik müasir dünyagörüşlü maarifpərvər ziyalı kimi fəaliyyət göstərib. Azərbaycanın ictimai həyatında fəal iştirak edib, sosial-mədəni quruculuq işlərində yorulmadan çalışıb. Ə.Haqverdiyevin adının UNESCO-nun 2020-2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilməsi yazıçının yaradıcılığına verilən dəyərdir.
Elm Tarixi İnstitutunun Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Ə.Haqverdiyevin diplomatik fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Ə.Haqverdiyevin 1919-cu ilin fevralından etibarən Dağıstan Dağlı Respublikasına səfir təyin olunması və oradakı diplomatik fəaliyyətindən bəhs olunub.
AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı “Ə.Haqverdiyevin həyatı və yaradıcılığı monoqrafiyası” mövzusunda məruzəsini təqdim edib. O, görkəmli yazıçının həyat və fəaliyyətinə nəzər salaraq deyib ki, Əbdürrəhim bəy Haqverdiyev həm bədii yaradıcılığı, elmi-nəzəri məqalələri, həm də tərcümə əsərləri ilə ədəbiyyat xəzinəmizin zənginləşməsində böyük xidmətlər göstərib.
Elm Tarixi İnstitutunun Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Ələddin Məlikov “Ə.Haqverdiyevin ictimai və fəlsəfi görüşləri” mövzusunda məruzəsində qeyd edib ki, maarifçiliyi, cəmiyyətin problemlərini görməsi, yazması, həmçinin dövrünün problemlərini həll etməyə çalışması nöqteyi-nəzərindən onu filosof da hesab etmək olar.
Onlayn elmi konfransda Ə.Haqverdiyevin həyatı, dramaturgiyası, əsərlərində Azərbaycan tarixinə dair materiallar, nəsr yaradıcılığının müasirliyi, ədibin “Molla Nəsirəddin” jurnalı barədə xatirələri mövzularında məruzələr dinlənilib.
Çıxışlarda yazıçının ədəbi-bədii yaradıcılığı ilə yanaşı, onun mədəni-ictimai fəaliyyətindən, milli ideologiyanın oyanışında misilsiz xidmətlərindən söz açılıb. Qeyd olunub ki, Azərbaycan realist ədəbiyyatını və maarifçi-demokratik fikrini yeni mərhələyə qaldıraraq milli düşüncənin inkişafında əhəmiyyətli rol oynayan ustad sənətkarın dramaturji irsi ölkəmizdə teatr mədəniyyətinin yüksəlişinə yol açıb. Vurğulanıb ki, sevdiyi və təmənnasız xidmətində dayandığı xalqın arzu və istəklərini dolğun əks etdirən vətənpərvər ədibin əsərləri dövrünün hadisələrini, ictimai-siyasi mənzərəsini əks etdirən tarixi qaynaq kimi də əhəmiyyətə malikdir. Onun maarifçiliyin alovlu təbliğatçısı olaraq daim mədəni oyanışa və tərəqqiyə səsləyən son dərəcə zəngin hekayələri müasirliyi baxımından nəsr tariximizin ən qiymətli nümunələri sırasında xüsusi yer tutur.