İndoneziya mətbuatında “UNESCO-nun irsi-İçərişəhər- Bakının incisi” adlı məqalə yer alıb
2020-07-01İndoneziyanın nüfuzlu “republika.co.id”, “akurat.co” və “askara.co” saytlarında “UNESCO-nun irsi - İşərişəhər - Bakının incisi” adlı məqalə yayılıb.
Məqalənin müəllifi Azərbaycanın İndoneziyadakı səfirliyinin müşaviri Gültəkin Həbiblidir. Məqalədə cari ildə Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin hələ sovet illərində diqqəti və qayğısı nəticəsində Dövlət Tarix-Memarlıq Qoruğu elan edilmiş İçərişəhərin, Şirvanşahlar sarayı kompleksi və Qız qalası daxil olmaqla, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyini qeyd etdiyi vurğulanıb.
Belə bir nüfuzlu beynəlxalq təşkilat tərəfindən milli-mədəni, tarixi mirasımızın qeydə alınmasının Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən yürüdülən siyasətin bariz nümunəsi olduğu qeyd edilib. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycanın UNESCO ilə fəal və səmərəli əməkdaşlıq etdiyi vurğulanıb. Qeyd edilib ki, Azərbaycanın 28 ildir UNESCO-nun üzvü olması nəticəsində bir sıra tarixi məkanlarımız bu təşkilatın Ümumdünya İrs Siyahısına daxil edilib.
Azərbaycanın bu nüfuzlu təşkilat ilə əlaqələrinin möhkəmlənməsində Heydər Əliyev Fondunun və onun rəhbəri, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük xidmətləri olduğu məqalədə geniş əksini tapıb.
Qeyd edilib ki, Heydər Əliyev Fondu yarandığı gündən milli-mənəvi dəyərlərimizin qorunmasına, beynəlxalq aləmdə tanıdılmasına xüsusi önəm verib. Ölkə və dünya əhəmiyyətli tarixi abidələrin, Azərbaycan musiqisinin xaricdə tanıdılması, təbliği istiqamətində mühüm tədbirlərin həyata keçirildiyi, klassik və müasir Azərbaycan ədəbiyyatının nümunələrinin xarici dillərə, dünya ədəbiyyatının incilərinin Azərbaycan dilinə tərcümə edilərək nəşr olunmasına, milli mədəniyyətimizi və incəsənətimizi əks etdirən çoxsaylı çap məhsullarının hazırlanmasına Fond tərəfindən xüsusi dəstək verildiyi haqqında məlumatlar da məqalədə yer alıb. Müəllif Heydər Əliyev Fondunun ötən illər ərzində mədəniyyətimizə mühüm töhfələr verdiyini, onun bu gün də milli-mənəvi dəyərlərimizin təbliğində və qorunmasında öz xidmətlərini uğurla davam etdirdiyini xüsusi vurğulayıb.
Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevinin 2020-ci ildə Azərbaycan xalqının milli sərvəti İçərişəhərin, Şirvanşahlar sarayı kompleksi və Qız qalası ilə birlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyi münasibətilə dövlət tədbirlərinin keçirilməsinə dair imzaladığı Sərəncam, milli-mənəvi dəyərlərə dövlətimiz tərəfindən verilən önəmin bariz nümunəsi kimi qeyd edilib. Sərəncama uyğun olaraq Bakının incisi - İçərişəhərə həsr olunan tədbirlərin həyata keçirildiyi, bu kompleksin bütün dünyadan gələn turistlərin sevərək ziyarət etdiyi Azərbaycan milli mədəniyyətinin nümunələrindən olduğu vurğulanıb.
Məqalənin yekununda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, bunun nəticəsində bir çox tarixi abidələrimizin düşmən tapdağı altında qaldığı və dağıdıldığı da qeyd edilib. “Çox təəssüf ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində ölkəmiz bütün milli-mədəni və tarixi abidələrinə, qoruqlarına sahib çıxa bilmir. Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən tarixi abidələr, məscidlər, məzarlıqlar Ermənistan tərəfindən dağıdılır, muzeylər və maddi-mənəvi sərvətlərimiz talan edilir. Ermənistan məqsədli surətdə işğal olunmuş ərazilərimizdə Azərbaycanın izini itirməyə çalışaraq bütün toponimlərimizi erməniləşdirir. Ancaq hər bir azərbaycanlı inanır ki, Azərbaycanın tarixi torpaqları işğaldan azad olunacaq, “əsir abidələr”imiz yenidən dünyada tanıdılacaq, onların bir çoxu UNESCO-nun Ümumdünya İrs Siyahısına Azərbaycan Respublikasına aid məkanlar olaraq daxil ediləcəkdir. Çünki Azərbaycan dövləti və xalqı “əsir torpaqlarına və abidələri”nə sahib çıxmağa gedən yolu işıqlı sonluqla nəticələndirməyi bacaracaq gücə, əqidəyə, sözə sahibdir. Ən əsası haqq davasında qalib olacaq tərəf də Azərbaycandır və hər bir azərbaycanlı kimi mən də buna inanıram! Bakının mirvarisi – İçərişəhərimizdən əzəli torpağımız olan Şuşadakı qalamıza qədər gedəcək yolumuz açıq olsun, əziz Azərbaycan!”, - deyə müəllif fikirlərini tamamlayıb.
Məqalədə İçərişəhərdən olan fotogörüntülər də öz əksini tapıb.