Azərbaycanın diplomatik xidmət orqanlarının yubiley medalı UNESCO-nun sabiq Baş direktoruna təqdim edilib
2020-07-08“Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” yubiley medalı UNESCO-nun sabiq Baş direktoru, ölkəmizin yaxın dostu Koiçiro Matsuuraya təqdim edilib.
Yubiley medalı Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin K.Matsuura ilə keçirilən görüşü zamanı təqdim edilib.
Əvvəlcə səfir UNESCO-nun sabiq Baş direktoru K.Matsuuraya Azərbaycanın hazırkı iqtisadi vəziyyəti barədə məlumat verərək bildirib ki, ölkəmiz qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının, turizm, nəqliyyat, yüksək texnologiyalar və digər əlaqədar sahələrin inkişafına yüksək önəm verir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, iqtisadi sabitliyin qorunması istiqamətində atılan vacib addımlar barədə bəhs edən səfir deyib ki, dövlətimizin başçısı pandemiya zamanı, ilk növbədə, xalqın həyat və sağlamlığını prioritet hesab edir.
Azərbaycan-Yaponiya münasibətlərinin inkişafı, xüsusən UNESCO çərçivəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində göstərdiyi xidmətlərə görə, K.Matsuuranın “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif olunduğunu bildirən səfir medalı ona təqdim edib.
Bu cür yüksək mükafata layiq görülməsinin onda böyük qürur hissi yaratdığını vurğulayan K.Matsuura əməyinə verilən bu qiymətə görə dərin minnətdarlığını ifadə edib.
Sabiq Baş direktor Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın 2004-cü ildən UNESCO-nun xoşməramlı səfiri kimi gördüyü işlər haqqında danışaraq, 1999-2009-cu illər ərzində UNESCO-nun Baş direktoru vəzifəsində çalışdığı zaman Azərbaycan ilə sıx əlaqələrinin olmasını bildirib. K.Matsuura Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə görüşlərini məmnunluq hissi ilə xatırladıb, onlara salamlarını və ən xoş arzularını çatdırmağı xahiş edib.
K.Matsuura bundan sonra da iki dost ölkə arasında həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.