Milli Konservatoriyada UNESCO klubunun təqdimatı olub
2020-02-20Azərbaycan UNESCO klubları şəbəkəsi və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə fevralın 20-də Konservatoriyada UNESCO klubunun təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov, Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli, Azərbaycan UNESCO klublarının koordinatoru Cahangir Hacıyev, eyni zamanda, təhsil ocağının müəllim və tələbələri iştirak ediblər.
Rektor Siyavuş Kərimi Azərbaycan-UNESCO münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın misilsiz xidmətlərini vurğulayıb. O, klubların Azərbaycanın UNESCO ilə əməkdaşlığına əlavə töhfə verəcəyinə əminliyini bildirib. Çox sevindirici haldır ki, mədəniyyət müəssisələri içərisində ilk UNESCO klubu Milli Konservatoriyada yaradılıb.
Tədbirdə Milli Komissiyanın baş katibi Elnur Sultanov iştirakçıları Xarici İşlər naziri Elmar Məmmədyarovun adından salamlayaraq UNESCO klublarının yaradılmasının əhəmiyyətindən söhbət açıb. E.Sultanov Milli Komissiyanın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə müvafiq Sərəncamı ilə yaradıldığını qeyd edərək, Komissiyanın fəaliyyəti barədə danışıb. O, Azərbaycan və UNESCO arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın mədəniyyətimizin dünyada tanıdılmasına verdiyi töhfədən bəhs edən baş katib məhz Mehriban xanımın fəaliyyəti nəticəsində 3 maddi və 13 qeyri-maddi mədəni irs nümunəmizin UNESCO siyahılarında yer aldığını bildirib.
Ölkəmizdə UNESCO klublarının yaradılmasının Azərbaycan-UNESCO əlaqələrində yeni səhifə olduğunu qeyd edən E.Sultanov hazırda 100-dən çox ölkədə 4 mindən artıq klubun fəaliyyət göstərdiyini söyləyib. Vurğulayıb ki, klublar könüllü birliklərdir və onların məqsədi UNESCO məramları barədə əhalinin geniş məlumatlandırılmasıdır.
Qeyd edib ki, ötən ildə ölkəmizin bir sıra təhsil müəssisələrində - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Avropa Liseyində və 20 saylı ümumtəhsil məktəbində UNESCO klubları yaradılıb.
Təhsil Nazirliyinin şöbə müdiri Nicat Məmmədli UNESCO-nun gənclər mövzusuna önəm verdiyini vurğulayıb, ölkəmizdə həyata keçirilən təhsil siyasətindən bəhs edib, Azərbaycan-UNESCO klublarının fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycan-UNESCO klublarının koordinatoru Cahangir Hacıyev təqdimatla çıxış edərək, klubların yaranması haqqında tədbir iştirakçılarına məlumat verib və onların fəaliyyət istiqamətləri barədə danışıb.
Sonra tədbir musiqi nömrələrinin səsləndirilməsi ilə davam edib.