Azərbaycanda UNESCO klublarının təqdimatı olub

Dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti yanında UNESCO üzrə Milli Komissiyanın dəstəyi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə Akademiyada Azərbaycanda ilk UNESCO klublarının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Akademiyanın rektoru akademik Urxan Ələkbərov, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov, Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini Vasif Eyvazzadə, Azərbaycan UNESCO klublarının koordinatoru Cahangir Hacıyev, eyni zamanda, müxtəlif təhsil ocaqlarının müəllim və tələbələri iştirak ediblər.

Qeyd olunmalıdır ki, cari ildə ölkəmizin bir sıra təhsil müəssisələrində - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Avropa Liseyində və 20 saylı ümumtəhsil məktəbində UNESCO klubları yaradılıb.

Rektor U.Ələkbərov Azərbaycan-UNESCO münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın misilsiz xidmətlərini vurğulayıb. O, klubların Azərbaycanın UNESCO ilə əməkdaşlığına əlavə töhfə verəcəyinə əminliyini bildirib.

Tədbirdə Milli Komissiyanın baş katibi E.Sultanov çıxış edərək UNESCO klublarının yaradılmasının Milli Komissiyanın 25 illiyinə təsadüf etdiyini diqqətə çatdırıb. E.Sultanov Milli Komissiyanın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə müvafiq Sərəncamı ilə yaradıldığını qeyd edərək, Komissiyanın fəaliyyəti barədə danışıb. O, Azərbaycan və UNESCO arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. E.Sultanov ölkəmizdə UNESCO klublarının yaradılmasının Azərbaycan-UNESCO əlaqələrində yeni səhifə olduğunu qeyd edib.

Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev UNESCO-nun gənclər mövzusuna önəm verdiyini vurğulayıb, ölkəmizdə həyata keçirilən gənclər və idman siyasətindən bəhs edib, Azərbaycan-UNESCO klublarının fəaliyyətinə uğurlar arzulayıb.

Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini Vasif Eyvazzadə mədəniyyət sahəsində, xüsusən də maddi və qeyri-maddi irsin qorunması sahəsində Azərbaycan–UNESCO əməkdaşlığından bəhs edib və klubların yaradılmasının əhəmiyyətini vurğulayıb.

Azərbaycan-UNESCO klublarının koordinatoru Cahangir Hacıyev təqdimatla çıxış edərək, klubların yaranması haqqında tədbir iştirakçılarına məlumat verib və onların fəaliyyət istiqamətləri barədə danışıb.

Sonra tədbir iştirakçıları mövzu ilə bağlı fikir mübadiləsi aparıblar.

https://azertag.az/xeber/1372597