Şanxay şəhərində YUNESKO üzrə milli komissiyaların 3-cü regionlararası görüşü keçirilib
2016-06-1513-15 iyun 2016-cı il tarixlərində YUNESKO və Çin Xalq Respublikasının YUNESKO üzrə Milli Komissiyasının birgə təşkilatçılığı ilə Çin Xalq Respublikasının Şanxay şəhərində YUNESKO üzrə milli komissiyaların 3-cü regionlararası görüşü keçirilmişdir.
Tədbirdə 119 ölkənin 150-yə yaxın nümayəndəsi, həmçinin YUNESKO Katibliyindən Baş direktorun Xarici Əlaqələr və İctimai İnformasiya üzrə müavini Erik Faltın rəhbərlik etdiyi 13 nəfərdən ibarət nümayəndə heyəti iştirak etmişdir.
Görüşün məqsədi YUNESKO üzrə milli komissiyalar arasında əlaqələrin möhkəmləndirilməsi, təcrübə mübadiləsi aparılması, eləcə də milli komissiyalar tərəfindən təşkilatın işinə töhfələrin artırılması idi.
Tədbir zamanı müzakirə olunmuş vacib məsələlər sırasında milli komissiyaların 2030 Gündəliyinin həyata keçirilməsində rolu, gənclər və zorakı ekstremizmin qarşısının alınması, silahlı münaqişələr zamanı mədəni və təbii irsin qorunması və 2018-2021- ci illər üçün YUNESKO büdcə və proqramının hazırlanması mövzuları yer almışdır.
Tədbir çərçivəsində Qazaxıstan, Gürcüstan, Əfqanıstan və bir sıra digər ölkələrin YUNESKO üzrə milli komissiyalarının nümayəndələri ilə ikitərəfli görüşlər keçirilmişdir.