UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində ilk plenar iclas keçirilib

 

İyulun 1-də Bakı Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində ilk plenar iclas işə başlayıb. Plenar iclasda sessiyanın gündəliyi açıqlanıb və iştirakçı ölkələrin nümayəndələrinin hesabatları dinlənilib.

Sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək qonaqları salamlayıb, gündəliklə bağlı məlumat verib.

Bildirib ki, dünyanın 180-dək ölkəsindən 3 minə yaxın nümayəndənin qatıldığı tədbir respublikamızın beynəlxalq arenada yüksək nüfuzunun təsdiqi olmaqla bərabər, Azərbaycanın tarixinin və müasir inkişaf səviyyəsinin, zəngin mədəniyyətinin, incəsənətinin dünyaya nümayişi üçün mühüm imkandır. “Bütün iştirakçılar Azərbaycanın mədəni irsi ilə artıq tanışdırlar. Möhtəşəm açılış mərasimi onlarda ölkəmiz haqqında geniş təsəvvür yaradıb. Biz çalışmalıyıq ki, bütün qonaqlar bu sessiyada öz fikirlərini sərbəst şəkildə çatdıra bilsinlər”, - deyə Mədəniyyət naziri bildirib.

UNESKO-nun Ümumdünya İrs Mərkəzinin direktoru xanım Mextild Rossler tədbirin əhəmiyyətini vurğulayıb. Tədbir çərçivəsində keçirilən Abidə Menecerlərinin Forumu və Gənc Peşəkarlar Forumunun işini yüksək dəyərləndirən direktor təşkil edilən sessiyalarda maraqlı müzakirələrin şahidi olduğunu diqqətə çatdırıb. Bildirib ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək üçün Bakıya bu sahənin çoxsaylı mütəxəssisləri toplaşıb. Burada olduğumuz bir neçə gün ərzində biz təşkilati işlərin yüksək səviyyədə həyata keçirildiyinin şahidiyik. Eyni zamanda, onu da qeyd etmək istərdim ki, Azərbaycan mədəni sərvətlərinə, irs nümunələrinə diqqət və qayğı ilə yanaşır.

Sessiyada müzakirə ediləcək bütün məsələlərin komitənin veb-saytında canlı olaraq yayımlandığını söyləyən xanım Rossler diqqətə çatdırıb ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının gündəliyinə büro üzvlərinin istəyi ilə dəyişiklik edilə bilər.

Bildirilib ki, Bakı sessiyasında UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmək üçün üzv dövlətlər tərəfindən təqdim olunmuş 36 namizəd fayl nəzərdən keçiriləcək. Namizədliyi irəli sürülmüş faylların 28-i mədəni, 6-sı təbiət, 2-si qarışıq (təbiət və mədəni) abidələr sırasına daxildir. Sessiyalarda ilk olaraq siyahı üzrə təbiət, daha sonra mədəni obyektlər üzrə nominasiyalar müzakirə ediləcək. Vurğulanıb ki, sessiya çərçivəsində 50-yə yaxın paralel tədbir və sərgi də təşkil olunacaq. Eyni zamanda, Bakıda UNESKO-nun siyahısında olan və təhlükə ilə üzləşən 166 abidənin hazırkı vəziyyəti müzakirə ediləcək.

Sonra UNESKO-nun Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasının məruzəçisi Anna Zeçner çıxış edib. O, ötən sessiya haqqında geniş məlumat verib və bildirib ki, sessiyada 225 qərar qəbul edilib və 19 mədəniyyət nümunəsi UNESKO-nun Ümumdünya İrs Siyahısına salınıb. Bununla da UNESKO-nun siyahısına daxil olan mədəniyyət nümunələrinin sayı 1092-yə çatıb. Bildirib ki, Bəhreyndə 2975 nümayəndənin qatıldığı 42-ci sessiyada 157 konservasiya olunmuş abidənin durumu barədə məlumat verilib və 54 irs nümunəsi təhlükədə olan mədəniyyət abidələrinin siyahısına daxil edilib.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin əməkdaşı Rəşad Baratlı hesabatla çıxış edib. O, görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

Sonra Norveç, Zimbabve, Tunis, Tanzaniya, Braziliya, Bosniya və Herseqovina, Koreya Respublikası, Fransa və digər ölkələri təmsil edən nümayəndələr çıxış edərək tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlıqlarını ifadə ediblər.

Dünyada mədəni irsin qorunmasının vacibliyindən danışan natiqlər bu istiqamətdə UNESKO-nun Ümumdünya İrs Mərkəzinin gördüyü işləri yüksək qiymətləndiriblər. Bildirilib ki, Ümumdünya İrs Mərkəzi ilə qurulan və genişləndirilən əlaqələr dünyada həm sülhə, həm də mədəni inkişafa xidmət edir.

Vurğulanıb ki, Bakı sessiyasının keçiriləcəyi günlərdə dünya üçün əhəmiyyətli olan məsələlər müzakirə ediləcək, təhlükədə olan tarixi abidələrlə bağlı geniş fikir mübadiləsi aparılacaq və bir çox mədəni nümunələr UNESKO-nun siyahısına salınacaq.

Günün birinci yarısındakı müzakirələrə yekun vuran təşkilat komitəsinin sədri Əbülfəs Qarayev Bakı Bəyannaməsinin qəbul olunmasını təklif edib. Bildirib ki, bu bəyannamə dünyada mədəni irsin qorunmasına xidmət edir və dünya ictimaiyyətinin diqqətini bu məsələyə yönəltmək məqsədi daşıyır.

Sonra iştirakçı ölkələr tərəfindən Bakı Bəyannaməsi qəbul edilib.

https://azertag.az/xeber/1300995