Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası işə başlayıb Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sessiyanın açılış mərasimində iştirak edib
2019-07-12İyunun 30-da Bakıda, Heydər Əliyev Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mərasimdə iştirak edib
Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək verməkdir. Bu məqsədlə ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan UNESKO ilə sıx əməkdaşlıq münasibətləri qurub və təşkilatın fəaliyyətinə öz töhfəsini verib. 2013-cü ildə UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi edən Azərbaycanda eyni müvəffəqiyyətlə hər iki ildən bir UNESKO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən Azərbaycan bu mötəbər qurumun növbəti sessiyasına ev sahibliyi etmək hüququ əldə edib. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin UNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir. Prezident İlham Əliyev iyunun 30-dan iyulun 10-dək davam edəcək sessiyanın Bakıda layiqincə keçirilməsini təmin etmək məqsədilə müvafiq Sərəncam imzalayıb. Bununla da UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda yüksək səviyyədə keçirilməsi təşkil olunub.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə çıxış etdi.
Birinci vitse-prezident Mehriban Əliyevanın çıxışı
-Hörmətli xanım Baş direktor.
Zati-aliləri.
Xanımlar və cənablar.
Əziz dostlar, hörmətli qonaqlar.
UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində bu gün sizinlə burada olmaqdan çox şadam. Sizin hamınızı Bakıda – Şərq ilə Qərbin, keçmişlə gələcəyin qovuşduğu şəhərdə, zəmanələrin və sivilizasiyaların nadir ahəngdarlığını göstərən mühitdə salamlamaqdan məmnunam. Bizim üçün bu cür mühüm toplantını qəbul etmək böyük şərəfdir və mən sessiyaya uğurlar arzulayıram.
Mən UNESKO-nun Baş direktoru xanım Odre Azuleyə xüsusi olaraq minnətdaram və əminəm ki, onun burada olması bu tədbirə xüsusi dəyər qatacaq. UNESKO-nun xoşməramlı səfiri kimi, mən bu gün burada bütün UNESKO ailəsinin üzvlərini salamlamaqdan çox şadam.
Bu ayın əvvəlində biz Azərbaycanın UNESKO-dakı üzvlüyünün 27-ci ildönümünü qeyd etdik. Bu illər ərzində biz mədəniyyət, təhsil, elm, kommunikasiya, gənclər və idman kimi bir çox sahələrdə uğurlu əməkdaşlıq qura bildik. Bu gün biz fəal təmsilçilik və verdiyimiz töhfələrlə UNESKO-nun proqramlarında iştirak edirik. Dünyanın mədəni irsinin qorunması Azərbaycan ilə UNESKO arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir. Eyni zamanda, bizim tarixi, dini və memarlıq abidələrimizin qorunması, bərpası və saxlanması Azərbaycanın dövlət siyasətinin mərkəzində dayanır.
2001-ci ildə dövlət tərəfindən qorunan 6600-dən artıq mədəniyyət abidəsini əhatə edən Milli-Mədəni İrs Siyahısı qəbul edilmişdir. Son 5 il ərzində Azərbaycanda 40 tarixi abidə bərpa edilmişdir. Həmçinin qeyd etmək istərdim ki, Abşeron yarımadasında tapılmış tarixi abidələri və arxeoloji eksponatları özündə əks etdirən açıq səma altında “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksi 2008-ci ildə açılmışdır. Bakıda, Ağcabədidə və Ağdamda muğam mərkəzlərinin tikintisi, məscidlərin, sinaqoqların və kilsələrin yenidən qurulması və inşası, muzeylərin bərpası və açılması – bütün bunlar Azərbaycanın müxtəlif mədəni irsinin qorunması və zənginləşdirilməsi üçün dövlətimizin siyasətinin sadəcə bir neçə elementidir.
UNESKO ilə məhsuldar əməkdaşlığın nəticəsi olaraq Azərbaycanda iki sahə - İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Zəngin və qədim mədəniyyətimizin digər mühüm elementləri sırasında musiqi xəzinəmizin inciləri – muğam və aşıq sənəti, həmçinin bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilmişdir.
Azərbaycanın UNESKO-nun dəyərlərinə və ideallarına bağlılığı onun milli hüdudlarından kənarda da öz təzahürünü tapır. Son 10 il ərzində dünya mədəni irsin qorunması sahəsində apardığımız fəaliyyətin coğrafiyası geniş olmuşdur. Bununla belə, müharibələr və hərbi münaqişələr bəşəriyyətin mədəni irsinə hər zaman ciddi təhdid olmuşdur. Hərbi təcavüz nəticəsində, eləcə də beynəlxalq hüququ və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobud şəkildə pozaraq Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizini, o cümlədən Dağlıq Qarabağı və yeddi ətraf regionu bu gün də işğal altında saxlamaqda davam edir. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Yüzlərlə tarixi və memarlıq abidəsi, muzeylər, məscidlər və digər dini məbədlər dağıdılıb, yaxud ciddi dağıntıya məruz qalıb. Bu səbəbdən Azərbaycan mədəniyyət mülkiyyətinin qorunmasına aid müvafiq beynəlxalq konvensiyaların səmərəli icrasında çox maraqlıdır. Düşünürəm ki, bu sahədə görüləcək işlər hələ də çoxdur və UNESKO bu baxımdan mühüm rol oynamalıdır.
Əziz dostlar, mədəni irs bizi bəşəriyyətin şanlı tarixinə aid olduğumuzu birlikdə düşünməyə vadar edir. Biz qəti şəkildə inanırıq ki, sülh mədəniyyətinin toxumları yalnız dialoq və qarşılıqlı hörmət vasitəsilə cücərə bilər. Mən burada mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi üçün əsl qlobal platformaya çevrilmiş və Azərbaycanın başladığı “Bakı Prosesi”ni xatırlatmaq istəyirəm. 2008-ci ildə Bakıda ilk dəfə başlanmış beynəlxalq konfrans Avropa Şurasının üzv dövlətlərinin mədəniyyət nazirlərini ümumi narahatlıq doğuran məsələlər ətrafında dialoqa başlamaq üçün İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlərindən olan həmkarları ilə bir masa arxasında topladı. Ötən ay biz “Bakı Prosesi” çərçivəsində V Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdik. Məmnunuq ki, UNESKO həmin mühüm təşəbbüsdə bizim əsas tərəfdaşımızdır. Xanım Baş direktor, verdiyiniz mühüm şəxsi dəstəyinizə görə sizə minnətdaram.
Bu toplantının işinə böyük uğurlar arzulayaraq, yekunda XII əsrin böyük Azərbaycan memarı və filosofu Memar Əcəminin sözlərinə istinad edərək demək istərdim: “Biz gedərik, ancaq qalar ruzigar, biz ölərik əsər qalar yadigar”.
Bir daha Azərbaycana xoş gəlmisiniz. Sağ olun.
x x x
UNESKO-nun Baş direktoru Odre AZULE çıxış edərək dedi:
-Hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyeva.
-Hörmətli UNESKO-nun İcraiyyə Şurasının sədri.
Xanımlar və cənablar.
Cənab nazirlər, hörmətli dostlar və həmkarlar.
Bu gün biz Bakı şəhərinə UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına toplaşmışıq. Bakı dünyəvi bir şəhərdir, zəngin tarixə, UNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil olan sahələrə malikdir. Bu gün axşam biz bütün dünyanın müxtəlif yerlərindən paytaxt şəhərinizə, buraya toplaşmışıq. Əslində bunun bir tarixçəsi var. Bu, bizi bir araya gətirən dəyərlərə, ümumi tariximizə, bölüşdüyümüz məqamlara bağlıdır. Tarix boyu bəşər övladı yaşayıb, yaratmışdır. Biz müxtəlif təkamül yolu ilə inkişaf edərək yeni üfüqlərə çıxmışıq.
Artıq biz yeni minillikdə, belə möhtəşəm sarayda – memar Zaha Hadidin dizaynına, onun üslubuna uyğun yaradılmış bir sarayda toplaşmışıq. Mən Azərbaycan Respublikasının rəhbərliyinə səmimi qonaqpərvərliyə və üzv dövlətlər üçün yaradılmış bu şəraitə və xüsusi mühitə görə təşəkkürümü bildirirəm. Çünki biz hər il xüsusi bir an yaşayırıq. Dünya miqyasında biz öz toplantımızı təşkil edərək, burada müxtəlif namizədlikləri nəzərdən keçiririk. Biz UNESKO olaraq multilateralizm mövqeyindən çıxış edərək ümumi arzularımızı ifadə edirik. Burada həm Birləşmiş Ştatları, Çini, İranı, Rusiyanı, Burkina-Fasonu, həm də Böyük Britaniya və bütün digər dünya dövlətlərini narahat edən məsələləri müzakirə edirik. Bu, onu göstərir ki, məhz mədəni irsə gəldikdə bütün dünya ölkələri bu məsələləri birgə müzakirə edir. Bu gün biz müzakirə edəcəyimiz məsələlərin siyahısını hazırlamışıq. Bu, kifayət qədər böyük bir siyahıdır. Biz bu gün bir məqsədlə toplaşmışıq ki, universal dəyərə malik olan sahələr haqqında söhbət aparaq. Son zamanlar biz Rio muzeyində, həmçinin Parisdəki Notr-Dam kilsəsində dağıdıcı yanğınların şahid olduq. Bu hadisələr baş verdikdən sonra biz görürük ki, dünya mədəni irsi nə qədər həssas vəziyyətlərlə üzləşir. UNESKO ilk cərgələrdə gedərək beynəlxalq həmrəyliyin təzahürüdür. Biz bu gün sülh istəyirik, istəyirik sülh qurulsun.
Xanımlar və cənablar, hörmətli Ümumdünya İrs Komitəsinin üzvləri, bu gün siz konvensiyadan çıxış edərək öz fəaliyyətinizi aparacaqsınız. Sizin hamınıza rəsmi məktubumuzu ünvanlamışıq ki, biz burada bərabərlik nöqteyi-nəzərindən çıxış etməliyik. Biz əldə etdiyimiz nəticələri çoxaltmalıyıq. Biz tam zəmanət verməliyik ki, gələn 10 gün ərzində birgə işləyək, müzakirələr aparaq. Elə nailiyyətlər əldə edək ki, dünya mədəni irsi öz müxtəlifliyi ilə qorunsun, saxlanılsın. Bu baxımdan hər bir kəs - istər azlıq, istər çoxluq universal dəyərlərə öz töhfəsini verməlidir.
UNESKO bu yaxınlarda Mosul şəhərində saraylardan birində böyük bir toplantı keçirdi. Orada dağıntıya məruz qalmış, lakin tarixi əhəmiyyətə malik olan abidələrlə bağlı geniş müzakirələr aparıldı. Biz gördük ki, bunun çox böyük təsiri oldu. Biz, həmçinin bu ruhda vasitəçilik missiyası ilə Yaxın Şərqdə çıxış etmişik. Bunun sayəsində bizim İcraiyyə Şuramız, hər hansı bir komitəyə daxil olan qurum öz səylərini göstərir. Mən İsrail, İordaniya və Fələstin nümayəndə heyətlərinə təşəkkürümü bildirirəm ki, onlar dialoqu bərpa etmək üçün özlərində güc tapdılar. Qarşımızda bu gün elə layihələr var ki, o layihələr hamı tərəfindən bölüşülür və qəbul edilir. Hesab edirəm ki, atılan belə əhəmiyyətli addımlar bundan sonra da davam etdirilməlidir və onlar universal mədəni irsin qorunmasına yönəlməlidir.
Qeyd etdiyimiz mədəni irs haqqında, onun qorunması ilə bağlı Konvensiya bizim hamımıza nəinki fayda gətirir, o, həmçinin bizim bu sahədə apardığımız elmi araşdırmalara bir istiqamətdir. Bu gün bu sahədə qəbul edilən qərarlar ekspert biliklərinə, həmrəyliyə, dialoqa əsaslanır. Əminəm ki, siz yaxşı mühitdə konsensus əsasında müxtəlif məsələlərlə bağlı müsbət həll variantlarını tapa biləcəksiniz.
Mən istərdim ki, bizim fəaliyyətimizə inam olsun, bu fəaliyyət universal xarakter daşısın. Bildiyiniz kimi, öz uzun tarixinə, öz təbii və mədəni irsinin müxtəlifliyinə baxmayaraq, Afrika qitəsi yenə də zəif şəkildə təmsil olunur. İstərdik ki, onların mədəni irsi daha yaxşı şəkildə qorunsun və təmsil olunsun. Bu, bizim ümumi tarixdə öz izini qoyacaq. Beynəlxalq həmrəylik daha yüksək sürətlə formalaşdırılmalıdır. Məmnunluq hissi ilə deyə bilərəm ki, bu məqsədlər üçün dünya səviyyəsində dəstəyi formalaşdıra bildik.
Xanımlar və cənablar, biz üzərimizdə bu öhdəliyi hiss edirik. Bu, dünya mədəni irsinə aiddir. Əfqanıstanda, Yəməndə, Suriyada, İraqda və bir sıra digər yerlərdə misallar var. Qürur hissi ilə bildiririk ki, bizim aramızda həmrəylik qurulub. Bu, müxtəlifliyin qorunmasına yönəldilib. Dünya mədəni irsi, həmçinin hədəf kimi də seçilə bilər, qeyri-düzgün şəkildə idarəçiliyə məruz qala bilər. Mədəni və təbii irsin qorunması ilə bağlı Konvensiya ola bilsin ki, dünyada ən çox tanınan normativ hüquqi sənəddir. Normativ hüquqi sənəd olaraq o, bizim hamımızın üzərinə vəzifə və eyni məqsəd qoyur ki, biz yüzlərlə abidəni artıq məlum olan təcrübələr əsasında qorumalıyıq və mühafizə etməliyik.
Bu fürsətdən istifadə edərək mən dünya əhalisinə, xüsusən də gənclərə səslənirəm. Qeyd etmək istəyirəm ki, onlar bütün proseslərə qatılmalıdırlar. Nəinki bu işləri aparmalıdırlar, həmçinin bu sahədə təşviqat işlərində iştirak etməlidirlər, təhsillərini daha da artırmalıdırlar. Bununla bağlı bizdən konkret tədbirlərin görülməsi tələb olunur. Çünki tarix onu göstərib ki, biz bu sahədə dayanmadan işləməliyik.
Mən burada bir gənc qıza söz vermək istəyirəm. Onun doqquz yaşı var. Mən onu kürsüyə dəvət edirəm. O, sizinlə öz duyğularını bölüşmək, öz fikirlərini izah etmək istəyir. O, bir poema müəllifidir və istərdim ki, onu sizə təqdim etsin. Bu da universal dəyərə malik olan dünya mədəni irsinə aid yazıdır. Mən sözü gənc qıza vermək istəyirəm. Sizin hamınıza uğurlu iş arzulayıram.
Doqquz yaşlı uşaq: Hamınıza axşamınız xeyir olsun deyirəm. Çox sağ olun ki, mənim üçün belə bir fürsət yaratdınız. Əhmədabad mənim şəhərim, mənim irsimdir. Bu, yazdığım kitabın adıdır. O kitabda çox maraqlı fotoşəkillər də var. Mənim şəhərimə ithaf olunub. Şəhərimdə olan çox qədim, 600 illik tarixə malik mədəni abidələrin tarixçəsi burada məni həvəsləndirdi ki, bu kitabı yazım. Bundan irəli gələrək mən tarixçəmi 1411-ci illə başladım. Həmin vaxt şəhərimiz yaradıldı. Burada olan məkan Sultan Əhməd Şaha çox böyük təəssürat bağışladı. Beləliklə, o, bu möcüzəli məkanda yeni bir şəhəri yaratmaq qərarına gəldi. Mən kitabda öz poemamı əks etdirmişəm. İstərdim kitabımı UNESKO-nun Baş direktoruna hədiyyə olaraq təqdim edim. Altı yüz il öncə bu tarixçə başlayıb. Şəhərimdə möcüzə ağacı bitir. O, öz şan-şöhrətini qoruyub saxlaya bilib. Bu gün bir quş onun budaqlarında əyləşərək bizim canlı irsimizin mahnısını ifa edir.
Sağ olun.
x x x
Sonra UNESKO-nun İcraiyyə Şurasının sədri Byonq-Hyun Li və Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək sessiyada müzakirə olunacaq məsələlərin və qəbul ediləcək qərarların çox əhəmiyyətli olacağını bildirdilər.
Daha sonra Azərbaycan incəsənət ustalarının maraqlı konsert proqramı təqdim olundu.