Forum çərçivəsində “UNESCO üzrə Milli komissiyaların mədəniyyətlərarası dialoqun təşviqində rolu” mövzusunda sessiya keçirilib

 

Mayın 3-də Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “UNESCO üzrə Milli komissiyaların mədəniyyətlərarası dialoqun təşviqində rolu” mövzusunda növbəti sessiya keçirilib.

Sessiyanın açılışında Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov çıxış edərək ölkəmizin dünyada artan nüfuzundan, beynəlxalq əlaqələrindən, xüsusilə də beynəlxalq təşkilatlardakı mövqeyindən danışıb. O qeyd edib ki, Azərbaycan 27 ildir UNESCO ilə əməkdaşlıq edir. Bu əməkdaşlığın daha da inkişafında və genişlənməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xüsusi töhfələri qeyd olunmalıdır.

Baş katib UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılma tarixindən və fəaliyyətindən danışıb. Bildirib ki, Komissiya 1994-cü ildə Prezident Heydər Əliyevin müvafiq Sərəncamı ilə yaradılıb. Həmin Sərəncamla Milli Komissiya Xarici İşlər Nazirliyi yanında fəaliyyətə başlayıb. Bu il Milli Komissiyanın yaradılmasının 25 illiyi qeyd olunur. 2005-ci il sentyabrın 15-dən isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, Milli Komissiya Azərbaycan Respublikasının Prezidenti yanında statusu ilə fəaliyyətini davam etdirir. Dövlət başçısının 2018-ci il 29 avqust tarixli Sərəncamı ilə Milli Komissiyanın yeni tərkibi təsdiq olunub. Hazırda Komissiyanın 17 üzvü var. Milli Komissiyanın iclaslarında cari fəaliyyət və gələcək planlar ətrafında fikir mübadiləsi aparılır.

E.Sultanov deyib ki, UNESCO dünyada yeganə təşkilatdır ki, onun Milli komissiyaları var. Bu, böyük bir ailə şəbəkəsidir. Milli komissiyalar müxtəlif regional və qlobal tədbirlərin keçirilməsində xüsusi rol oynayır. Azərbaycan Milli Komissiyası da bu istiqamətdə UNESCO-nun layihələrində fəal iştirak edir.

Baş katib Azərbaycandakı multikultural, tolerant mühit barədə də məlumat verərək, müxtəlif dinlərin, millətlərin nümayəndələrinin ölkəmizdə sülh şəraitində yaşadığını qeyd edib, bunun mədəniyyətlərarası dialoqun qurulması üçün əsas olduğunu vurğulayıb.

UNESCO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşif Bakıya ilk səfərini 1996-cı ildə etdiyini bildirib və o vaxtdan indiyədək Azərbaycanda baş vermiş inkişafın təkcə iqtisadiyyat və infrastruktur sahələrində deyil, mədəniyyət sahəsində də özünü göstərdiyini vurğulayıb.

Nada Al-Naşif UNESCO üzrə Azərbaycan Milli Komissiyasının fəaliyyətini yüksək dəyərləndirib. Bildirib ki, Milli komissiyalar həm əlaqələndirici, həm də regional icraçı rolunu oynayır. UNESCO Milli komissiyaların müştərək səyləri nəticəsində dünyada bir çox çağırışlara cavab verir.

Baş direktorun müavini 11 il əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə başlayan “Bakı Prosesi”nin mədəniyyətlərarası dialoqun inkişafında rolunu qeyd edib.

Sessiyanın moderatoru olan UNESCO-nun mədəniyyətlərarası dialoq şöbəsinin müdiri Ann-Belinda Preis Azərbaycan hökuməti tərəfindən builki Foruma dinlərarası və mədəniyyətlərarası dialoq sahəsində çoxsaylı peşəkar mütəxəssislərin və ekspertlərin dəvət edilməsinin təqdirəlayiq olduğunu deyib.

Ann-Belinda Preis bildirib ki, BMT və UNESCO dünyada baş verən zorakılıq hallarının aradan qaldırılması, hərbi, etnik zəmində münaqişələr və digər problemlərin həlli üçün qarşısına məqsədlər qoyur.

UNESCO üzrə Türkiyə Milli Komissiyasının üzvü Mehmet Öcal Oğuz bildirib ki, UNESCO-nun əsas fəaliyyəti müharibə edən deyil, səmərəli fəaliyyəti ilə fərqlənən, sülh üçün çalışan insanlar arasında coğrafi mədəniyyəti artırmaqdır.

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov UNESCO üzrə milli komissiyaların və təşkilat yanındakı daimi nümayəndəliklərin türkdilli dövlətlərin qurumları ilə əməkdaşlığının genişləndirilməsinin zəruriliyini vurğulayıb. O, dünyada sülhün və bərabərliyin, qarşılıqlı etimadın, anlaşmanın əldə olunmasında bu Forumun mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Özbəkistan Milli Komissiyasının baş katibi Alişer İkramov mədəniyyətlərarası dialoqun inkişafında gənclərin rolunu vurğulayıb. O bildirib ki, bu işlərdə gənclərin səfərbərliyi mühüm əhəmiyyətə malikdir.

Koreya Milli Komissiyasının nümayəndəsi Kvi-Bae Kim təmsil etdiyi qurumun fəaliyyəti və gördüyü işlər barədə məlumat verib. O, UNESCO üzrə Milli komissiyalarının mədəniyyətlərarası dialoqun inkişafına töhfələrindən söz açıb.

AMEA Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev bildirib ki, elm qapalı mühitdə inkişaf edə bilməz, onun tərəqqisi üçün beynəlxalq elmi mühitə inteqrasiya zəruridir. Akademik mədəniyyətlərarası dialoqun inkişafına töhfə verən layihələrin əhəmiyyətindən danışıb.

Sessiya müzakirələrlə davam edib.

https://azertag.az/