TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli komissiya və komitələrinin 7-ci görüşü keçirilib

TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli komissiya və komitələrinin 7-ci görüşü keçirilib
 

Qırğız Respublikasının Oş şəhərində TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli komissiya və komitələrinin 7-ci görüşü keçirilib. Görüşdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri - UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov çıxış edib. Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bu görüşün türk dünyası ölkələri arasında mövcud olan həmrəylik və əməkdaşlığın bariz nümunəsi olduğunu diqqətə çatdıran E.Sultanov ortaq türk mirasının UNESCO-da təşviq edilməsinin əhəmiyyətini vurğulayıb.

Sonra baş katib Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müvafiq Sərəncamı ilə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illiyi, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi” və bu proses çərçivəsində bu il mayın 2-3-də keçiriləcək V Mədəniyyətlərarası Dialoq Forumu barədə danışıb. E.Sultanov Azərbaycan Respublikası və UNESCO arasında əlaqələrin inkişafında, mədəni irs nümunələrimizin dünyada təbliği, qorunması və gələcək nəsillərə ötürülməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini vurğulayıb.

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarında ölkəmizə qarşı mədəni təmizləmə siyasətinin həyata keçirildiyini bildirən E.Sultanov Ermənistan tərəfindən məhv edilmiş mədəni irsimizin həm də türk dünyasının ortaq mirası olduğunu diqqətə çatdırıb və bu məsələnin UNESCO-da gündəmə gətirilməsində TÜRKSOY-a üzv dövlətlərin dəstəyinin vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, Oş şəhərinin 2019-cu il türk dünyasının mədəni paytaxtı elan edilməsi münasibətilə keçirilən təntənəli tədbirlərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nümayəndə heyəti iştirak edib.

https://azertag.az/