Parisdə UNESCO Katibliyində görüşlər keçirilib

 

Məlum olduğu kimi, Bakıda 2019-cu il may 2-3-də V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, iyunun 30–dan iyulun 10-dək isə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçiriləcək. Hər iki dünya əhəmiyyətli tədbirlə bağlı hazırlıq məsələlərini müzakirə etmək məqsədilə Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri, sözügedən tədbirlərin əməliyyat qrupunun rəhbəri Vasif Eyvazzadə UNESCO Katibliyinin rəsmiləri ilə görüşlər keçirib.

V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilmiş görüşdə UNESCO-nun Sosial və humanitar elmlər departamentinin rəhbəri Magnus Magnusson UNESCO-nun Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq səviyyədə fəaliyyətini yüksək qiymətləndirdiyini və bu istiqamətdə qarşılıqlı əməkdaşlığın davam etdirilməsinə böyük önəm verildiyini bildirib.

V.Eyvazzadə Forumun Azərbaycan Prezidenti İlham Əliyevin 10 il bundan əvvəl irəli sürdüyü “Bakı prosesi” təşəbbüsünün tərkib hissəsi kimi BMT tərəfindən çox vacib qlobal platforma elan edildiyini, həmçinin UNESCO ilə yanaşı, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun da tərəfdaşı olduğu yeganə beynəlxalq hərəkat olduğunu vurğulayıb. Bu baxımdan V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu xüsusiyyətləri özündə saxlamaqla mədəni müxtəliflik, dialoq və əməkdaşlıq, insan təhlükəsizliyi, gənclərin liderliyi, miqrasiya, münaqişələrin qarşısının alınması və s. mövzuları əhatə edəcəkdir. Artıq UNESCO-nun da iştirakı ilə beynəlxalq ekspertlərlə birgə Forumun konseptual müzakirə sənədi və proqram layihəsi hazırlanmışdır. Görüş zamanı, həmçinin Forumun təşkilati məsələləri ilə bağlı müzakirələr aparılıb.

Daha sonra UNESCO-nun Ümumdünya İrs Mərkəzinin direktor müavini Petya Totçarovanın rəhbərlik etdiyi katibliyin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasının sədrliyi ilə keçiriləcək Komitə iclası ilə bağlı cari ilin iyul ayına kimi təşkil ediləcək görüşlər, Komitənin 43-cü sessiyası və onun çərçivəsində baş tutacaq Gənclər Forumu və Abidə menecerlərinin Forumuna hazırlıq məsələləri ilə bağlı müzakirələr aparılıb.

V.Eyvazzadə bildirib ki, Komitə iclasının Bakıda keçirilməsi ilə bağlı Prezidentin müvafiq Sərəncamı ilə Təşkilat Komitəsi yaradılıb.

Görüş zamanı, həmçinin UNESCO Katibliyinin missiyasının cari ilin mart ayında Bakıya səfəri ilə bağlı razılıq əldə olunub.

https://azertag.az/