UNESCO-nun baş qərargahında mədəniyyətimizin təşviqi ilə bağlı tədbirlər təşkil edilib
2018-12-19Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin və UNESCO Birliyi Assosiasiyasının təşkilatçılığı ilə qurumun baş qərargahında Azərbaycan mədəniyyətinə dair layihə çərçivəsində silsilə tədbirlər keçirilib. Tədbirlərdə bu təşkilatda akkreditə olunmuş diplomatik nümayəndəliklərin, eləcə də beynəlxalq təşkilatların üzvləri və ailələri iştirak ediblər.
Nümayəndəliyimiz tərəfindən hazırlanmış layihənin əsas məqsədi dünyanın müxtəlif ölkələrinin nümayəndələrini bir araya gətirmiş bu mötəbər təşkilatda mədəniyyətimizi təşviq etməkdir. Layihə çərçivəsində Azərbaycan mədəniyyəti, rəssamlıq məktəbləri, musiqisi, xalçası haqqında ətraflı məlumat verilib. Bəstəkarlarımızın musiqiləri səsləndirilib. Milli mətbəximizdən söz açılaraq, tədbir iştirakçıları şirniyyatlarımıza qonaq ediliblər.
Tədbirlərdə Leyla Əliyeva, Aysel Mirqasımlı, Elnarə Səfərova, Rəna Əmrahova və Vəfa Əfəndiyeva kimi ölkəmizin tanınmış müasir rəssamlarının yaradıcılığından danışılıb və əsərləri nümayiş olunub.
Layihə çərçivəsində Parisdə yaşayan azərbaycanlı rəssam Əsmər Nərimanbəyovanın təsviri sənətin əsas prinsipləri haqqında ustad dərsi keçirilib. Dərs tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Layihənin sonunda iştirakçılara sertifikat verilib.
UNESCO yanındakı nümayəndəliyimiz gələcəkdə də ölkəmizin tarixi, mədəniyyəti və incəsənətinə dair müxtəlif layihələr reallaşdırmağı planlaşdırır.