Ölkəmiz UNESCO-nun Hökumətlərarası Komitəsinin 12-ci sessiyasında iştirak edir
2018-12-12UNESCO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi üzrə Hökumətlərarası Komitəsinin Parisdə keçirilən 12-ci sessiyası öz işinə başlayıb.
Sessiyada ölkəmizi mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Dekabrın 14-dək “Createl 2030” adı altında keçiriləcək sessiya çərçivəsində yaradıcılığın Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Məqsədlərinə töhfəsi, o cümlədən süni intellektin yaradıcılığa təsiri, bədii azadlığa təhdidlər, qadın sahibkarların mədəniyyət sənayelərində rolu və digər əlaqədar mövzularla bağlı fikir mübadiləsi nəzərdə tutulub.
Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya 2005-ci ildə qəbul olunub. Sözügedən konvensiyanın qəbul edilməsi ilə beynəlxalq ictimaiyyət rəsmi olaraq incəsənət nümayəndələri və mədəniyyət sahəsi üzrə mütəxəssislər tərəfindən formalaşdırılan müasir mədəni özünüifadənin ikili xarakterini, yəni mədəni və iqtisadi dəyərini tanımış olmuşdur. Mədəniyyət məhsulları və xidmətlərinin yaradılması, istehsalı, paylanması və onların əldə edilməsini dəstəkləyən siyasət və tədbirlərin formalaşdırılması və həyata keçirilməsini əks etdirən konvensiya yaradıcı iqtisadiyyatın mərkəzində dayanır. Azərbaycan Respublikası 2010-cu ildən konvensiyaya üzvdür.